“Şəfa” I Liqanın çempionu olmq yolunda vacib qələbə qazandı.
21-ci turun mərkəzi qarşılaşmasında əsas rəqblərindən olan “Səbail”lə üz-üzə gələn paytaxt təmsilçisi yekunda 2:1` hesablı qalibiyyəti bayram etdi.
“Şəfa”nın əsas heyət üzvlərindən olan yarımmüdafiəçi Nihad Quliyev Sportinfo.az-a verdiyi müsahibədə suallara aydınlıq gətirib.
- “Səbail”lə öncə iki oyunda qələbə qazana bilmədiyinizi nəzərə alsaq, yəqin ki, bu matçın xüsusi prinsipiallığı var idi.
- Rəqibin adına baxmadan bütün oyunlara qələbə üçün çıxırıq. Bu dəfə də məqsədimiz 3 xal idi. “Mingəçevir”ə ağır yenilgidən sonra qələbə bizə çox vacib idi. Bu gün meydanda bacardığımızın ən yaxşısını edib istəyimizə çatdıq. Nəyə qadir olduğumuzu bilirik. Çempionluq məqsədinə yavaş-yavaş yaxınlaşırıq. Sona qədər mübarizə aparacağıq. Çempionluğu vaxtından əvvəl təmin etmək istəyirik ki, rahat olaq.
- Çempionluq münasibəti ilə təbrikləri qəbul etməyə başlamısız?
- Hələ tezdir. “Baku Sportinq”lə aramızda 8 xal fərq olsa da, növbəti turda bu komanda ilə şəxsi oyunumuz olacaq. Liqada asan oyun yoxdur, bütün rəqiblərdən ehtiyatlanmaq lazımdır. Son illəri Premyer Liqada keçirmişdim. İnanın, I Liqanın bu qədər ağır olduğunu düşünmürdüm. Aşağı liqa olsa da, keyfiyyətli futbolçular var, oyunlar gərgin keçir.
- Rəqib komandadakı həmkarın Qurban Səfərov matçın ədalətli nəticəsinin heç-heçə olduğunu dedi. Sən də belə düşünürsən?
- Təbii ki, uduzan komandanın futbolçusu o cür danışmalıdır, nəsə deməlidir. “Səbail” həqiqətən yaxşı mübarizə apardı, biz də onlardan geri qalmadıq. Hətta son saniyələrdə hesabı 3:1 edə bilərdik. Hətta “Səbail”in xeyrinə təyin olunan penalti epizodunda qayda pozuntusunun olmadığını düşünürəm. Əksinə, ilk hissədə xeyrimizə 11 metrlik cərimə zərbəsi təyin olunmalıydı. Qələbəyə layiq idik.
- Ötən il şərəfini qoruduğun “Səbail”ə qarşı rəqib qismində oynamaq prinsipiallıq yaradırdı?
- Xeyr-xeyr, qətiyyən! “Səbail”dəki futbolçuların bəziləri ilə bir yerdə oynamışıq. Klubda xətrini çox istədiyim insanlar var. 1 il “Səbail”də oynamışam, yaxşı dostlar qazanmışam, klubda çalışanların çoxu mənim üçün doğmadır. Çox istərdim ki, 2-ci yeri “Səbail” tutub pley-off oynasın.
HƏBİB

