Bu adamın haqqı yoxdur ki, bölgə camaatının sevincinə kölgə salsın!

15 Sentyabr 2023 19:20 I Divizion 2 574
Bu adamın haqqı yoxdur ki, bölgə camaatının sevincinə kölgə salsın!

Birinci divizionun açılış matçındaca qalmaqal yaşandı.

Söhbət “Karvan” – “Mingəçevir” görüşündə yaşananlardan gedir.

Meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitən qarşılaşmada qalmaqal ikinci yarının ortalarında yaşanıb.

Hadisələrin mərkəzində isə meydan sahiblərinin yarımmüdafiəçisi Müşfiq Teymurov olub.

Aşağı liqa oyunlarında insidentlərin tez-tez olacağını hər kəs öncədən planlaşdırırdı.

Çünki futbolçuların əksəriyyəti həvəskar səviyyədən o tərəfə keçməyən şəxslərdi.

Belədə onlardan ciddi nizam-intizam, peşəkarlıq gözləməyə dəyməz.

Ona görə də startdaca olan dava-dalaş çoxumuzu təəccübləndirmədi.

Amma yuxarıda sadalananlar heç bir halda Müşfiq Teymurova aid ola bilməz.

30 yaşlı futbolçunun kifayət qədər peşəkar karyerası olub.

O, “Qəbələ” və AZAL-ın heyətində 31 Premyer Liqa görüşündə meydana çıxıb.

Azərbaycanın 19 yaşlılardan ibarət gənclər millisində 3 oyunda forma geyinib.

“Karvan”ın yetirməsi 14 ilə yaxındır peşəkar futbolla fasiləsiz məşğuldur.

Ən pis halda Birinci Divizionda top qovub.

Qısası, yaşı, təcrübəsi, peşəkar karyerası imkan verir ki, özünü meydanda daha intizamlı aparsın.

Müşfiq gənclərə nümunə olmalı, doğma rayonun komandasını qələbələrə daşımalıdır.

Elə kapitanlıq sarğısı da buna görə ona həvalə olunub.

Daha lazımsız hərəkətlər, addımlarla qalmaqal yaratmaq üçün yox.

Bu gün o da özünü düzgün apara bilmirsə, sabah oxşar hərəkətlərə yol verən digər gənclərə, təcrübəsizlərə nəsə demək mənasız olacaq.

Uzun illərdən sonra böyük futbol böyük coşğu ilə Yevlaxa qayıdıb.

Müşfiqin haqqı yoxdur ki, bölgə camaatının sevincinə kölgə salsın.

Ən azı bir yevlaxlı kimi buna haqqı çatmır.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti