«Difai» bu mövsüm I Liqada debütə hazırlaşır.
Sözün bütün mənalarında.
Region Liqasında uğurlu sezon keçirmiş Qarabağ qazilərinin klubu, bilindiyi kimi, peşəkar statuslu çempionatda Ağsunun təmsilçisi olacaq.
Ev oyunlarına bu rayonda çıxacaq «Difai» artıq Olimpiya Kompleksinin stadionunda əsaslı təmir işləri görməkdədir. Klubun prezidenti Asəf Məlikov şəxsən yenidənqurma tədbirlərinin həyata keçirilməsinə nəzarət edir.
Arenada suvarma sistemi qurulub. Qaçış zolağı rənglənib. Paltardəyişmə və hakimlər otaqları, duş kabineləri təmir olunub.
İndiyədək əsas problem süni qazonla bağlı idi, onun da çatışmazlıqları aradan qaldırılıb.
Ümumiyyətlə, işçi heyəti səhər saatlarından gecəyarısınadək idman qurğusunu tərk etmir.
Sentyabrın 13-nə – növbəti «futbol ili»nin start fitinədək təhvil-təslimi başa çatdırmaq üçün.
SPORTİNFO.AZ

