AFFA iyunda Azərbaycan çempionatlarında legioner rüsumları ilə bağlı qaydaları dəyişdi.
Bununla bağlı qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul olundu.
Yeni qaydalara əsasən, 2023/2024 mövsümünün startına qədər 21 yaşı tamam olmamış, ölkəsinin milli komandasının üzvü olan legioner üçün rüsum tələb olunmur. Milli komandasının heyətində, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunları da daxil olmaqla, son 12 ayda oynamış (meydançaya çıxmış) legionerlər üçün də eyni qayda qüvvədədir.
Yuxarıda qeyd olunan meyarlara cavab verməyən legionerlər üçün aşağıdakı rüsum tətbiq edilib:
Klubun mövsüm ərzində cəlb etdiyi ilk 7 legioner üçün – 5 000 (beş min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 8-12 legioner üçün – 10 000 (on min) manat
Klubun mövsüm ərzində cəlb etdiyi 13 və daha çox sayda legionerlər üçün – 50 000 (əlli min) manat
Bir futbolçu mövsüm ərzində 2-ci klubda sifariş olunacaqsa, rüsum tələb edilməyəcək.
Yuxarıda göstərilən 3 kateqoriyaya daxil olan futbolçular legioner ödənişləri üçün nəzərə alınmasa da, sayda qeyd olunur.
Ödənişsiz legionerdən sonra qeydiyyat olunan növbəti legionerin rüsumu sıra sayına uyğun olaraq aparılır. Premyer Liqa klubuna verilmiş limitli legioner sayına onun əvəzedici heyətə cəlb etdiyi əcnəbi futbolçuların sayı da daxildir.
I Liqa klubları üçün legioner rüsumu saydan asılı olmayaraq, 5 min manat müəyyənləşdirilib. Yeni qərardan ən çox narazı qalan da onlardır.
Redaksiyamıza verilən informasiyaya görə, aşağı liqanın təmsilçiləri AFFA-ya müraciət edərək, bu məsələyə yenidən baxılmasını istəyib.
Onlar rüsumun 2 min manata endirilməsini xahiş eləyib. Çünki əksər komandalar yerli futbolçu sarıdan korluq çəkir, bu yandan isə legionerləri qeydiyyatdan keçirməyə imkanları çatmır.
SPORTİNFO.AZ

