"Nazirin çıxışı bizi ümidləndirdi, indi Premyer Liqaya iddialıyıq"

29 Dekabr 2022 15:00 I Divizion 923
"Nazirin çıxışı bizi ümidləndirdi, indi Premyer Liqaya iddialıyıq"

«Nazirin çıxışı bizi ümidləndirdi».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizion klubunun rəhbəri gənclər və idman naziri Fərid Qayıbovun Premyer Liqa ilə bağlı son açıqlamasının onların fəaliyyətinə müsbət təsir etdiyini bildirib:

«Düzü, ilk vaxtlar buna ümidimiz az idi, indi isə inanırıq ki, Premyer Liqadakı bölgə komandalarının sayı artacaq.

Regionlar olmadan çempionatı qaldırmaq, futbolçuları inkişaf etdirmək mümkün deyil. Fərid Qayıbovun fikirləri yerinə düşdü.

Sevinirik ki, cənab nazir ölkə futbolunun durumunu çox düzgün analiz edib.

Neçə ildir gözləyirik ki, «Zaqatala»nı Premyer Liqaya buraxacaqlar. Bu il «Turan»la «Kəpəz» buraxıldı, biz yenə kənarda qaldıq.

Ümumiyyətlə, yalnız Zaqatala deyil, respublikamızın digər bölgələri də Premyer Liqada təmsil olunmalıdır. Hər bölgə Premyer Liqanı görməlidir.

İndi biz lisenziyalaşdırmaya diqqət ayırmışıq. Sənədlərimizi qaydasına salırıq. AFFA gələn ilin ilk aylarında lisenziyalaşdırma sənədlərini yoxlamağa başlayacaq.

Ovaxtadək biz də üzərimizə düşən işləri görüb qurtaracağıq. Fərid Qayıbovun açıqlamasından sonra inanırıq ki, gələn mövsüm Premyer Liqada klub sayı artacaq və «Zaqatala» da həmin siyahıda yer alacaq».

Fərid Qayıbov bugünlərdə mətbuata verdiyi açıqlamada ölkə futbolu ilə bağlı danışıb. Nazir bildirib ki, əsas problem Azərbaycan çempionatındakı klubların sayının azlığıdır:

“Azərbaycan futbolunda güclü islahatlar lazımdır. Klubların sayı mütləq artırılmalıdır.

Şəxsən mən düşünürəm ki, ölkə çempionatında klubların sayı çox olmalıdır.

Hər bir idman növünə, təkcə futbol deyil, bu gün voleybola, həndbola və digər komanda idman növlərinə baxsaq, klublar çox olmasa, inkişaf etməsə, milli komanda oyunçu ilə təmin oluna bilməz.

Bu gün klubların sayının az olması bu prosesdə bizə əsas mane olan səbəblərdən biridir. Doğrudur, futbol federasiyası çempionat iştirakçılarının sayını iki klub artırdı, birinci divizionda müəyyən dəyişikliklər oldu.

Yenə də bu sahədə köklü dəyişikliklər lazımdır. İndi vəziyyətimiz belədir, gördüyünüz kimi. Bu il milli komandamız son oyunlarında pis çıxış etmədi.

Amma fakt budur ki, biz bu vaxta kimi heç vaxt Avropa və dünya çempionatlarının əsas mərhələsində çıxış edə bilməmişik.

Heç buna yaxın olan yaxşı nəticə də göstərməmişik. Bunun üçün həm iş adamlarını, həm şirkətləri bu sahəyə cəlb etmək lazımdır.

Klubların idarəçiliyində onların iştirakını təmin etməliyik. Futbolla məşğul olan uşaqlar var, onlar müəyyən yaşa çatdıqdan sonra artıq oynamağa yer tapmırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!