“Xan Lənkəran“ın önündə “yaşıl işıq“ yandırıldı – Buyurun, gəlin!

18 İyul 2022 15:00 I Divizion 1 476
“Xan Lənkəran“ın önündə “yaşıl işıq“ yandırıldı – Buyurun, gəlin!

Yaxın günlərdə AFFA, Peşəkar Futbol Liqası və “Xan Lənkəran“ rəhbərliyi arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.

Bu haqda Sportinfo.az-a federasiyadan məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, görüşdə klubun I Divizionda iştirakı ilə bağlı məsələ təkrar müzakirə olunacaq.

Bilindiyi kimi, Region Liqasında çıxış edən daha bir klub yeni mövsümdə I Diviziona buraxılacaq. Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin (İK) onlayn iclasında qəbul olunub.

Qərara əsasən, Region Liqası komandalarının I Divizionda çıxış edə bilmələri üçün AFFA-nın baş katibliyi və Peşəkar Futbol Liqası meyarlar müəyyənləşdirəcək.

Meyarlara tam cavab verən və müvafiq müraciəti ilk təqdim edən bir klubun 2022/2023 mövsümündə I Divizionda iştirakı təmin olunacaq.

İcraiyyə Komitəsi mayda 3 bölgə komandasının üzünə qapı açıb. “Araz-Naxçıvan”, “İmişli” və “Mingəçevir” növbəti mövsümdən aşağı dəstədə mübarizə aparacaq.

Əslində, AFFA-nın əvvəldən belə bir problem olmayıb. Bu məsələ "Sabah"ın əvəzedici komandasının yeni mövsümdən birinci divizionda iştirak etməyəcəyi dəqiqləşəndən sonra gündəmə gəlib.

Masazır təmsilçisinin AFFA-ya müraciəti müsbət cavablandırılıb. Əvəzedici komandanın bir neçə üzvü icarəyə verildiyi üçün heyətdə çatışmazlıqlar yaranıb və klub belə addım atmaq məcburiyyətində qalıb.

İcraiyyə Komitəsi bununla bağlı AFFA-nın Baş katibliyinə və Peşəkar Futbol Liqasına müvafiq tapşırıqlar verib.

Onlar 7 gün ərzində seçim meyarlarını müəyyənləşdirməlidir. İK daha sonra müraciət edəcək iddiaçı haqda qərarını açıqlayacaq.

Bilirik ki, «Xan Lənkəran» I Diviziona qatılmaq üçün belə demək mümkünsə, «əldən-ayaqdan gedir». Region Liqasının finalçısı bununla bağlı ciddi kampaniya aparıb.

İstər ölkə rəhbərliyinə, istər müxtəlif dövlət qurumlarına, istərsə də AFFA-ya çoxsaylı müraciətlər ünvanlanıb.

Klubun prezidenti Pərviz Hüseynov federasiyanın irəli sürdüyü bütün tələbləri yerinə yetirməyə hazır olduqlarına dair saytımıza açıqlamalar verib.

Rusiyada yaşayan iş adamı bildirib ki, cənub bölgəsində futbolu inkişaf etdirməkdən ötrü əlindən gələni əsirgəmir və hətta lazım olarsa, Premyer Liqaya sponsor tapmağa da hazırdır.

Digər Xəbərlər
Xəbər Lenti