"Kəpəz"in Premyer Liqada da hazırkı baş məşqçi Yaşar Vahabzadənin başçılığı altında çıxış edəcəyi böyük ölçüdə dəqiqləşib.
Düzdü, rəsmi imza, açıqlama yoxdur. Amma qeyri-rəsmi bütün mənblər təyinatı təsdiqləyib. Maraqlıdır, niyə Yaşar Vahabzadə?
Bəli, Yaşar müəllim normal futbolçu olub. Məşqçi kimi də uzun müddətdir fəaliyyət göstərir. Daha çox Azərbaycan millisinin aşağı yaş qruplarında çalışan çalışdırıcı son iki mövsümü "Kəpəz"ə pənah gətirib.
Divizionda oynayan "Kəpəz"ə. Ümumiyyətlə, Yaşar müəllim baş məşqçi kimi heç vaxt Premyer Liqa üzü görməyib.
Birinci divizionda isə ən yaxşı büdcə, ən yaxşı futbolçularla 13 kollektiv arasında 7-ci yeri tuta bilib.
Qərb təmsilçisi onun rəhbərliyi altında məcburiyyətdən turnirdə iştirak edən, böyük ölçüdə gənc futbolçulara şans verən "Neftçi", "Sabah", "Qarabağ" və "Şamaxı"nın əvəzedici komandalarını belə turnir cədvəlində özündən qabağa buraxıb.
Divizionda əldə olunan nəticə bərbad, göstərilən oyun bərbad, futbolçular narazı, azarkeşlər narazı olduğu halda yenidən Yaşar müəllimin müqaviləsinin uzadılması haqqlı sual yaradır - niyə Yaşar Vahabzadə?
Bu suala ğn çox cavab axtaran isə yerli publikadır. Futbol şəhəri sayılan Gəncədə insanlar bilmir illər sonra sevimli komandalarının Premyer Liqaya buraxılmasını bayram etsin, yoxsa Vahabzadənin yenidən klubda qalmasını dərt etsin.
Onlar da "çətin" sual qarşısında çarəsiz qalmağa məcbur ediliblər. Tək ümidləri mövsümün start götürməsidir. Ki, heç olmasa tribunalardan tək ürək sözləri olan "İstefa" şuarını deyə bilsinlər. Yuxarıdakı suala cavab verməli olan tək qurum AFFA, səlahiyyətli şəxs isə həmin binada oturan şəxsdir. Ordan da hansı suala düzgün cavab alınıb ki, buna da alınsın...
XANOĞLAN İMANOV