"Açığı, iddiası olmayan komandada işləmək istəmirəm - Tanınmış məşqçidən ŞOK AÇIQLAMA

3 May 2022 23:20 I Divizion 899
"Açığı, iddiası olmayan komandada işləmək istəmirəm - Tanınmış məşqçidən ŞOK AÇIQLAMA

“Mingəçevir”in növbəti mövsümdə Birinci Divizionda iştirak edəcəyi ilə bağlı xəbər şəhərdə böyük sevinclə qarşılandı.

Xeyli vaxtdır böyük futboldan uzaq düşən, sonuncu mövsümdə Region Liqasında iştirakı ilə yadda qalan Mingəçevir futbolunu yenidən “divizion”da görmək xoş olacaq.

İndi sual doğuran məqamlardan biri, bəlkə də birincisi “Mingəçevir”in liqada hansı heyətlə çıxış edəcəyi və komandanı kimin çalışdıracağıdır.

Xüsusən baş məşqçi postuna kimin gətiriləcəyi maraq doğurur. AFFA-ya yaxın mənbədən aldığımız məlumatda başbilənlərin Rövşən Babayevi Mingəçevirə göndərmək planı haqda düşündüyü deyilir. Hətta başqa məşqçilərin də adı çəkilir.

Lakin söhbət adıçəkilən şəhərdən çıxan məşqçilərdən gedirsə, ağıllara gələn ilk isim Ramiz Məmmədovdur.

Uzun illər Premyer Liqada “Qəbələ” və “Keşlə”də çalışmış, ölkə xaricində Qazaxıstan və İrandakı fəaliyyəti ilə diqqət çəkmiş təcrübəli mütəxəssis.

Bəs, Ramiz Məmmədov Birinci Divizionda mübarizə aparacaq doğma şəhərinin doğma komandasını çalışdırmağa razılıq verərmi? Komandanın qarşısına ciddi hədəf qoyulsa, Məmmədovun cavabı nə olar?

Səbəbkarı dinləyək:

“Mingəçevir”də mənə iş lazım deyil. Bu gün şəhərin futbolunun inkişafında əməyi keçmiş çox sayda insan var, komandada onlar işləməlidir.

Zaur Qarayev, Mehman Baxışov, Mehman Alışanov, Mübariz Abbasov, Elşad Kərimov, Samir Məmmədov, İkram Baxşəliyev, Faiq Məmmədov, Elşən Mustafayev, Elşad Nəbiyev, Elbrus İsmayılov, Azər Həşimov, Samir Mütəllimov, Yaqub İsmayılov, Tamis Əsədov və adını çəkmədiyim bir çox şəxslər bu gün “Mingəçevir”də işləməyi haqq edir.

Çox istərdim ki, vaxtilə futbolçu kimi çəkdikləri zəhmətin qarşılığını bu gün məşqçi kimi görsünlər.

“Mingəçevir” iddiasız olacaqsa, o komandaya pulsuz-parasız kömək etməyə, hətta həmişəki kimi öz maliyyə dəstəyimi verməyə hazıram.

Çox istərdim ki, doğma şəhərimizin komandasını yenidən Premyer Liqada görüm, özü də iddialılar sırasında. Açığı, iddiası olmayan komandada işləmək istəmirəm.

Mən daim iddialı klublarda çalışmışam. Ramiz Məmmədova hardasa iş tapılar. Bu gün həmin qardaşlarım orada işləməlidir.

Əslən qarabağlı (Ağdam) olsam da, Mingəçevirdə doğulub boya-başa çatmışam. Oranın çörəyini yeyib, suyunu içmişəm.

Futbolda Mingəçevirlə tanınmışam. Bu şəhərin klubunun pulu oldu, ya olmadı, onlara kömək etməyi hər zaman özümə borc bilirəm". .

Ramiz Məmmədov futbolçu karyerasının ən parlaq dönəmini məhz “Kür-Nur”da keçirsə də, məşqçi kimi heç vaxt Mingəçevirdə çalışmayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"