AFFA Mübariz Mənsimovla fotoya görə "Xan Lənkəran"ın Divizion "yolunu bağladı"

30 Aprel 2022 16:00 I Divizion 1 674
AFFA Mübariz Mənsimovla fotoya görə "Xan Lənkəran"ın Divizion "yolunu bağladı"

2022/2023 mövsümündən 3 bölgə komandası I Divizionda iştirak edəcək.

Bu barədə AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında qərar verilib.

Qərara əsasən, "İmişli", "Mingəçevir" və "Araz Naxçıvan" yeni mövsümdən birinci dəstədə mübarizə aparacaq.

Əlbəttə, əyalət təmsilçilərinin ölkə çempionatının yarışmaçıları siyahısına qoşulması sevindirixi haldır.

Bölgələrdə futbola böyük maraq var və biz yarımhəvəskar statuslu Region Liqasının oyunlarında da görürük. Əksər qarşılaşmalarda stadiona minlərlə tamaşaçı toplaşır.

Dünənə kimi hamı gözləyirdi ki, cənub səmti də I Divizionda təmsil olunacaq. Ən azından, «Xan Lənkəran»ın I Divizionda qüvvəsini sınaması istənilirdi.

Ötən ilin yayında yaradılan klub qısa müddətdə böyük auditoriya toplayıb. Öncə öz zonasını məğlubiyyətsiz və qrup lideri kimi «ağ-yaşıllar» ardınca «Şirvnovka»nı 1/8, «Füzuli»ni ¼ final mərhələsindən uzaqlaşdırdı.

İndi də yarımfinalda «Araz-Naxçıvan»la qarşılaşacaqlar. I Divizionda iştirak üçün maliyyə təminatı önəmlidir. «Xan Lənkəran» bu baxımdan başqalarına nümunədir.

«Şamaxı» və «Səbail» kimi Premyer Liqa təmsilçimləri qış hazırlığını ruspublikanın rayonlarından birində keçirməyə pul tapmadığı halda, cənublular həmin dövrdə ölkədən kənara çıxdı, Antalyada toplanış keçdi.

Rusiyada yaşayan Pərviz Hüseynovun şəxsi biznesindən qazandığı vəsaitlə ərsəyə gətirdiyi klub peşəkarlaşma yolunda önəmli addımlar atmaqdadır.

Artıq «Xan Lənkəran»ın nəzdində müxtəlif yaş qrupları üzrə komandalar yaradılıb.

Qadın futboluna da önəm verən bölgə təmsilçisi bir sıra yeniliklər etməyə hazırlaşdığını bəyan edib. Yəni ki, «Xan Lənkəran» bir qrup futbolçudan ibarət kollektiv olmaqdan çıxıb, hər ötən həftə böyüyüb, inkişafa üz tutub.

Baş məşqçi postuna «Bakı»dan yaxşı tanıdığımız türkiyəli İbrahim Uzuncanı gətirən lənkəranlılar yetərincə güclü heyət formalaşdırıb. Burada futbolçulara ödənilən maaş və mükafatlara hətta Premyer Liqanın bəzi iştirakçıları həsəd apara bilər.

Razılaşaq ki, hər oyuna görə 15-20 min manat mükafat az deyil və bu klub I Divizionda mübarizə aparsa, çempionata əlavə rəng qatar. Həm iddiası, həm də çoxminlik azarkeş ordusu ilə.

Hər halda cənublu futbolsevərlər 2016-cı ildə «Xəzər Lənkəran»ın fəaliyyətini dayandırmasından sonra böyük futbola həsrət qalıb və «Xan Lənkəran» onların öləzimiş ümidlərini cücərtmək yolunda addımlar atır.

AFFA bu klubu ərsəyə gətirənlərin önündə «yaşıl işıq» yandırmağa borcludur, amma nə edirlər, görürsüz. Verdikləri sözü tutmurlar.

Ötən ilin sentyabrında təğyiri-libas olub, demək olar respublikanın bütün bölgələrinə səfər edən icraçı vitse-prezidenti Elxan Məmmədov Lənkərana da getmiş, «Xan»ın rəhbər şəxsləri ilə görüşmüş, uzun-uzadı söhbətləşmişdi.

Onlara nə demiş, nə vədlər vermişdisə, klub funksionerləri ondan sonra mətbuata verdikləri bütün açıqlamalarda, sosial şəbəkələr üzərindən etdikləri bütün paylaşımlarda E.Məmmədovun adını böyük ehtiramla qeyd eləyir, «sağ olsun, AFFA» deməkdən yorulmurdular.

Görünür, ya adamı tanımayıblar, ya da barəsində eşitdikləri mənfi fikirlərə inanmaq istəməyiblər. Elxan Məmmədovdakı o dil ki var…

Hətta ilanı da yuvasından çıxarar. Görüşdüyü çox futbol adamına elə vədlər verib, sonra elə bəhanələrlə sözünün altından qaçıb ki… Bu da olsun onlardan biri.

«Xan Lənkəran»ın məsələsinin belə alınmasında bir nüansın da rolu var, gərək onu görməzdən gəlməyək. Söhbət Mübariz Mənsimovdan gedir. «Xəzər Lənkəran»ın yaradıcısının fevralda Pərviz Hüseynovla görüşməsi, cütlüyün bir yerdə yayılan fotosu, iki klubun birləşməsi haqda verilən açıqlamalar AFFA-da qıcıq doğurub.

Biz bu haqda hələ 2 ay öncə yazmışdıq. Demişdik ki, Hüseynovun Mənsimovla bir araya gəlməsi federasiyanın «Xan Lənkəran»la bağlı düşüncələrini dəyişib və klub, böyük ehtimalla, I Diviziona buraxılmayacaq.

Aldığımız məlumat səhih idi və İcraiyyə Komitəsinin dünənki toplantısında alınan qərarlar bunu rəsmi surətdə gün işığına çıxartdı.

AFFA-nın hazırkı yönətiminin Mənsimova münasibəti bəllidir. Bu qurumun idarəçiliyi əl dəyişməsə, o və onunla yaxın ilişki quran istənilən iş adamı futbol sektorunda iz buraxa bilməyəcək.

İmkan verməyəcəklər. «Xan Lənkəran» nümunəsində olduğu kimi. Bəlkə də Rusiyada biznes quran Pərviz Hüseynovun Mübariz Mənsimovla heç bir əlaqəsi, bağlılığı yoxdur, lakin bu, AFFA üçün maraq kəsb etmir.

Əsas fotodur, birlikdə görünməkdir. Belə bir şəkil ortalıqda olduğu müddətdə «Xan Lənkəran» da peşəkar futbol sferasında boy göstərə bilməz.

Bütün qapılar üzlərinə bağlıdır. Elxan Məmmədovun aylar öncə hansı vədlər verməsindən asılı olmayaraq.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti