“Turan Tovuz”un növbəti mövsümdə Premyer Liqada iştirak edəcəyi dəqiqləşib.
AFFA-nın baş katibi Sərxan Hacıyevin jurnalistlərlə söhbətdə 2022/23 mövsümü üçün elitada 10 komandanın iştirakının nəzərdə tutulduğunu deyib, həmin komandaların bpyük ehtimalla “Kəpəz”lə “Turan Tovuz” olacağını deməsi boşuna deyildi.
Lakin bunun üçün Tovuz təmsilçisi lisenziya şərtlərinə cavab verməlidir.
Həmin şərtlərin başında klubun infrastrukturunun təşkili, uşaq futbol komandalarının fəaliyyəti və ən əsası bank zəmanəti dayanır.
Son duruma aydınlıq gətirmək, görülən işlərlə yaxından maraqlanmaq üçün “Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayevlə əlaqə saxladıq.
Veteranlar İttifaqının da sədri olan Abdullayev mövzu ilə bağlı Sportinfo.az-a bunlar söylədi:
“Premyer Liqa ilə bağlı lazım olan sənədləri təqdim etmişik. Deyərdim ki, ən yaxşı nəticə bəlkə də bizdədir. Bütün meyarlar yerinə yetirilib.
Uşaq futbol komandalarımız, akademiyamız, meydanlar, tribunalar, infrastruktur – hər şey qaydasındadır.
Təbii ki, “Turan Tovuz” Premyer Liqada olsa, vəziyyəti daha da yaxşılaşdırmalıyıq.
Qalır bank zəmanəti məsələsi, bu artıq bizdən asılı məsələ deyil. Yəqin ki, kömək edəcəklər. Hər şey maliyyənin başındadır.
Biz üzərimizə düşən işləri görmüşük, sənədləri də təqdim etmişik. İnşallah, ortaya gözləmədiyimiz problem çıxmasa, “Turan Tovuz” növbəti mövsümdə Premyer Liqada olacaq”.
HƏBİB