“Kəpəz”in ən tanınan siması narazı azarkeşlərə haqq qazandırdı

21 Aprel 2022 21:00 I Divizion 747
“Kəpəz”in ən tanınan siması narazı azarkeşlərə haqq qazandırdı

“Azarkeşlər haqlı olmağına haqlıdırlar.

Nəticə yoxdursa, təkcə “Kəpəz”in yox, istənilən komandanın tərəfdarının narazı olması normaldır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Kəpəz”in tanınmış futbolçusu Cavid İmamverdiyev gəncəli fanatların futbolçulara etdikləri etiraz və narazılığın cavabında bildirib.

Komandanın son vaxtlardakı uğursuz nəticələri qərbli futbolsevərlərin səbr kasasını daşırıb. Onlar istər tribunada, istərsə də sosial şəbəkələrdə futbolçuları hədələyir, zəif oyuna görə tənqid edirlər.

Maraqlıdır, tribuna qəhrəmanlarının bu cür münasibəti futbolçulara necə təsir edir? Sərt reaksiyaların qarşısında meydanda bacardığının ən yaxşısını etmək çətin olmur ki?

İmamverdiyev vəziyyətlə barışmalı olduqlarını deyir:

“Düşdüyümüz vəziyyətin fərqindəyik. Ona görə də azarkeşlərin bu cür reaksiyasını anlayışla qarşılamalıyıq.

Təbii ki, bu cür münasibət futbolçulara yaxşı təsir etmir. İstər-istəməz psixoloji təsir altında oluruq. Ona görə də bu durumdan çıxış yolu tapmalıyıq.

Peşəkar futbolçularıqsa, oyun vaxtı azarkeşlərin təzyiqini bir kənara qoyub, sırf futbol haqda düşünməliyik ki, matçın sonunda onları sevindirə bilək. İnşallah, növbəti görüşlərdə daha yaxşısını etməyə çalışacağıq”.

“Kəpəz” mübarizə apardığı Birinci Divizionda 20 oyundan sonra topladığı 31 xalla MOİK-lə birlikdə 6-7-ci yerləri bölüşür.

Cavid İmamverdiyev üzləşdiyi zədə ilə əlaqədar cari mövsümdə komandasına lazımi qədər kömək edə bilməyib. O, ötən həftə “Səbail-2” ilə keçirilən oyunda uzun müddətdən sonra yaşıl meydana ayaq basıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!