”Neftçi”ni səhvən ona tapşırmışdılar… Əsl Divizion məşqçisi

21 Aprel 2022 11:40 I Divizion 1 196
”Neftçi”ni səhvən ona tapşırmışdılar… Əsl Divizion məşqçisi

Azərbaycan çempionatının birinci divizionunda 2021/22 mövsümünün çempionu müəyyənləşib.

XXII turdan sonra “Qaradağ Lökbatan” birinciliyi təmin edib.

Hesabat turunda “Zaqatala” üzərində 2:0 hesablı qələbə qazanan lökbatanlılar sona 4 tur qalmış ən yaxın izləyicisini 15 xal qabaqlayır. Bununla kollektiv rəqibləri üçün əlçatmaz olub.

I Divizionun daimi iştirakçısına çevrilən “Qaradağ Lökbatan” ikinci dəfə turnirin qalibi adına yiyələnib. İk dəfə 10 il əvvəl - 2011/12 mövsümündə bu liqanı qazanıblar.

“Qaradağ Lökbatan” XXI turdan sonra idman prinsipləri ilə Premyer Liqaya vəsiqəni təmin edib. Lakin biz onları elitada görməyəcəyik.

“Neftçi“ İdman Klubunun balansındakı QL AFFA-nın lisenziyalaşdırma tələblərini yerinə yetirməyib. Zatən belə bir niyyətləri əvvəldən olmayıb.

Qəsəbə təmsilçisi I Divizionda iştirak xatirinə iştirak edir, ciddi bir məqsədləri, uzaq hədəfləri yoxdur. Heç bir vaxt belə bir iddia ortaya qoymayıblar, sənədləşmə məsələsində təşəbbüs irəli sürməyiblər.

Rəsmi protokollarda komandanın baş məşqçisi olaraq Rafael Əmirbəyov göstərilir. O, ötən ilin mart-aprel aylarından burada çalışır. Adı belə gedir, real səlahiyyətlər isə Füzuli Məmmədovdadır.

Maraqlıdır ki, ikinci “Qaradağ Lökbatan”da pulsuz-parasız çalışır, məvacib almır.

2020-ci ilin noyabrında ”Neftçi”PFK-nın sükanı arxasından uzaqlaşdırılan Məmmədovu “Neftçi” İK-nun ”törəmə” komandasına gətirib çıxaran səbəb AFFA-nın təşkil etdiyi ”Pro” kateqoriyalı kurslardır.

Məşqçilikdə ən üst dərəcə sayılan lisenziya almaq istəyən çalışdırıcı ümumi tələblərdən dolayı üzünü bura tutub.

Çünki UEFA-nın qaydalarında göstərilir ki, ”Pro” kurslarında iştirakın yolu hansısa peşəkar klubun, yaxud milli komandaların birində işləməkdir. Bu, yüksək liqa təmsilçisi də ola bilər, aşağı dəstə nümayəndəsi də.

”Pro”ya qatılmaq üçün ”Qaradağ” rəhbərliyindən belə bir xahişdə bulunan Füzuli Məmmədovun istəyinə çatdığın, bir güllə ilə iki dovşan ovladığını deyə bilərik.

O, əsl yerini tapıb. Divzion Məmmədovun çalışa, hətta uğur qazana biləcəyi yarışmadır.

”Neftçi”PFK-nın ovaxtkı idman direktoru Ceyhun Sultanov 2020-ci ilin yayında böyük səhvə yol verərək, Füzuli Məmmədovu əsas komandanını sükanı arxasına əyləşdirdi.

Çünki dost idilər və Sultanov hesab edirdi ki, öz adamını baş məşqçi postuna gətirməklə, kollektiv üzərində nəzarəti tamamilə öz əlində birləşdirəcək.

Roberto Bordinin zamanında bunu istədiyi kimi eləyə bilmirdi, italyan ondan aldığı tapşırıqları doğru-dürüst yerinə yetirmirdi. Məmmədov gözlənildiyi kimi sözəbaxan oldu, amma sonrakı müddəti həm onun, həm də Sultanovun sonunu gətirdi.

Futbolçularla yola getməyən, onlarla tez-tez mübahisə edən, nəticədə kollektivdaxili ab-havanı pozan Məmmədov ”Qarabağ”a 0:6 hesablı məğlubiyyətin ardınca işini itirdi, dostunun da idman direktoru vəzifəsindən getməsinə səbəbkar oldu.

Premyer Liqa ilə I Divizionu müqayisə etmək qətiyyən düzgün deyil. Məmmədovun ”Qaradağ”ı çempion etməsi bunun növbəti sübutudur.

Aşağı dəstədə əsl peşəkar futbolçular azdır, səviyyə çox aşağıdır. Burada normal futbol oynanılmır, oynanılan futbolun adı ”Məmmədağa, vur qabağa, nə olar, olar”dır.

Başqa sözlə, standartlar Füzuli Məmmədovun məşqçilik fəlsəfəsinə uyğundur. Onun baxışları fiziki hazırlığın yüksək tutulmasından ibarətdir. Başqa heç nə yoxdur, yalnız ”fizika” var.

Bu cəhətdən nisbətən fərqlənən, dözüm göstərən istənilən komanda I Divizionda medallar uğrunda mübarizəyə asanlıqla qoşula bilər.

Füzuli Məmmədov da məhz bu yöndə çalışdı, ”Qaradağ”ı çempion etdi, Divizion məşqçisi olduğunu sübuta yetirdi.

Bundan sonra hansı klub rəhbəri aşağı liqanın qızıl medallarını qazanmaq istəsə, güman ki, birinci növbədə Füzuli Məmmədovun telefon nömrəsini arayacaq.

Niyə də olmasın, o, elə bura üçün yaranıb.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti