"Bu duruma özümüz düşmüşük, özümüz də xilas olmalıyıq”

21 Aprel 2022 09:20 I Divizion 638
"Bu duruma özümüz düşmüşük, özümüz də xilas olmalıyıq”

"Kəpəz"in kapitanı Əli Səmədov klubun mətbuat xidmətinə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi komandanın son oyunlarda üzləşdiyi uğursuzluqlar haqqında danışıb, məşq proseslərində vəziyyəti düzəltmək üçün dayanmadan çalışdıqlarını bildirib:

“Əslində oyunlara hazırlıqlarımız yaxşı gedir, səylə məşq edirik. Baş məşqçinin verdiyi bütün tapşırıqları yerinə yetiririk. Amma oyuna gələndə nəsə alınmır.

Deməzdim ki, çalışmalara qeyri ciddi yanaşırıq və bunun acısını çəkirik. Əsla, bütün diqqət məşqlərə yönəlib.

Lakin oyunlarda istədiyimiz səviyyədə çıxış etməkdə çətinlik çəkirik. “Qara zolağa” düşmüşük və bundan komanda olaraq çıxa bilmirik”.

Kapitan “sarı-göylər”ə könül verən azarkeşlərə də səslənib. Məğlubiyyətlərin futbolçular kimi fanatlara da pis etdiyini vurğulayıb:

“Nəticələrlə azarkeşləri üzdüyümüzü yaxşı bilirik. Onlar da haqlıdırlar, narazılıqlarını çatdırırlar. Komanda ilk dövrədə belə deyildi.

Məğlubiyyətsiz irəliləyirdik. Çıxışımızda dövrələr arasında böyük fərq var. Tez-tez iclaslar da keçiririk.

Vəziyyəti təhlil edib nəticələr çıxarmağa çalışırıq. Lakin dediyim kimi durumu dəyişmək mümkün olmur.

Bütün məsuliyyət futbolçuların üzərindədir. Vəziyyətdən çıxmaq üçün tezliklə toparlanmaq lazımdır. Çünki çempionatın başa çatmasına hələ 5 tur qalıb.

Bizim hədəfimiz var ki, yarışı mükafatçılar sırasında başa vuraq. Əlimizdən gələni etsək, buna nail ola bilərik.

Ən azından azarkeşlərimiz üçün bu məqsəd uğrunda mübarizə aparmalıyıq. Sağ olsunlar, bizə dəstək olurlar. Bu duruma özümüz düşmüşük, özümüz də vəziyyətdən xilas olmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti