Futbolun bəzəyi həm də azarkeşdir axı.
Pandemiya vaxtı, hətta İngiltərə Premyer Liqası bu “bəzək”dən məhrum olanda çox sönük görünürdü.
Futbolun bəzəyi azarkeşin alqışıdır, etirazıdır, səsləndirdiyi şüardır, açdığı pankratdır.
Azərbaycanda futbol çox zəif olduğu üçün azarkeş fəallığı da aşağıdır. Azarkeş mədəniyyətinin formalaşması üçün futbolun bir balaca inkişafı lazımdır.
Lazımdır ki, azarkeşlər stadionlara axsınlar. Bizim fanatların yumor hissi, kreativliyi isə qaydasındadır. Hətta azsaylı fanat qrupları da zaman-zaman diqqətçəkən şüarlar səsləndirir, maraqlı pankartlar açırlar.
Belə pankartlardan birini də “Kəpəz” azarkeşləri açıblar: “Nəticələriniz gözümüzü Ya$ardır”.
Əladır, möhtəşəmdir. Gəncəli azarkeşlər bu pankartla həm komandanın baş məşqçisi Yaşar Vahabzadəyə etiraz ediblər, həm də “Ş” hərfini dollar işarəsi ilə verməklə xərclənən vəsaitin nəticəsiz olmasını qabardıblar.
Heç bir təhqirə yol vermədən əla bir ideya. Əhsən! Amma AFFA bu ideyadan qorxuya düşüb. Azarkeşin açdığı pankarta görə “Kəpəz” cərimə olunub.
Çox yumşaq cəzadır. Bu pankarta görə ya gəncəli azarkeşlər bundan sonra stadiona buraxılmamlı idi, ya da “Kəpəz”ə ev oyunlarını Gəncədə keçirmək qadağan edilməliydi.
Hətta “Kəpəz”i çempionatdan da xaric etmək olardı.
AFFA rəhbərliyinin bu pankarta belə münasibəti deyir: qorxurlar, hürkürlər. Əliəyrilər həmişə belə xoflu olurlar.
AFFA rəhbərliyi, qərarınız gözümüzü Yaşardır. Bilirik ki, qorxursunuz.
Qorxursunuzsa, deməli, gözünüzə çöp düşəcək nə vaxtsa. Azarkeşlər, işinizdə olun.
Natiq Muxtarlı

