Heç olmasa, indi onu aldatmayın!

16 Fevral 2020 22:10 Zirə 1 103
Heç olmasa, indi onu aldatmayın!

Orxan Məmmədovu aldatmaq fikri var birilərinin. Başına altına yatsıq qoyub, özünü yuxuya verməkdir məqsədləri. Kimlərdir onlar? Hə… Zaur Həşimov və onun bərabərindəkilər.

Onlar yalanı yaxşı bacarırlar, qəşəng düzüb-qoşurlar, adamın heç ruhu da incimir. Orxan Məmmədovun pulunu belədən-eləyə, elədən-beləyə xərcləyirlər, ortalıqda isə oyun, nəticə yoxdur və olması da az inandırıcıdır.

Hardan olsun oyun? Hardan olsun nəticə? Oyun və nəticə baş məşqçinin aynasıdır. O aynada isə biz Zaur Həşimovu görmürük, orada görünən nəsə başqa şeydir.

Həşimovun təyinatını dəstəkləyənlər, ola bilsin, qaş düzəltmək istəyiblər, amma vurub göz çıxarıblar. İki tura 8 qolu «yemək», üstündən su, şərbət içmək də olar. Adi haldır. Futboldur da, hər turun, hər həftənin bir qisməti var, ondan nə az yeyə bilərsən, nə çox. Nədir, odur.

Kimlərsə Həşimovu aldadıb. Sizə deyim ki, nəyi var aldadıblar, möhkəm a… Qulağına pıçıldayıblar ki, nə oturmusan «Qəbələ»də, dur gəl, səndən baş məşqçi çıxar, nə çıxar… Yazıq da inanıb ona bu sözləri deyənlərə, durub gəlib, indi də əziyyətini çəkir, nə çəkir…

Zaur bəyi kənardan müşahidə etmisiz heç? Allahın məzlum bəndəsinə oxşayır. Dindirməsən, bilməzsən ki, ağzında dili var, ya yox. Bu cür sakit və tərbiyəli füqəranın çalışdığı komandada Cavid Hüseynovla Ağabala Ramazanov kimi ipə-sapa yatmayan futbolçular forma geyinirsə, ona başqa düşmən lazım deyil. Bir qazanda iki qoçun başını qaynatmaq müsibətdir, qaldı onlardan bir neçəsi ola.

«Buynuzlar»ını ara-sıra göstərən Adrian Skarlatakeni qoyaq bir kənara hələ. Bilsəz ki, «Zirə»də «saman altından su yeridənlər» nə qədərdir, tükləriniz biz-biz olar. «Qurdlar»ı «quzu»ya (oxu – Zaur Həşimov) tapşıranda, əlbəttə ki, mənzərə bundan fərqli olmayacaq.

Orxan Məmmədov sezonun əvvəlində və ortasında bir xeyli, qədərindən və lazım olandan artıq vəsait xərcləyib, «Zirə» ən çox transferə imza atdıran klub kimi Premyer Liqanın digər təmsilçilərindən seçilib.

Adresi səhv salan məşqçi, «Zirə»yə görə olmayan legionerlər bu gənc və hörmətli insanın gördüyü işlərə kölgə salır. Orxan Məmmədova layiq olduğu qələbə məmnunluğunu yaşada bilməyənlər istefa vermək vaxtının çatmasını görməzdən gəlirlər hələ də.

Görək, yenə nə bəhanə «istehsal» edəcəklər yenə.

Şəhriyar Vəliyev

Xəbər Lenti