"Ən pis halda yaya kimi bu vəziyyətə dözməliyəm"

12 Yanvar 2020 12:30 Zirə 934
"Ən pis halda yaya kimi bu vəziyyətə dözməliyəm"

"Vəziyyət eynidir. Əvəzedici komandada məşq edirəm. Hələlik dəyişən bir şey yoxdur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Zirə"nin müdafiəçisi Bəxtiyar Həsənalızadə deyib. Komandanın baş məşqçisi Zaur Həşimov tərəfindən əvəzedici heyətə göndərilən futbolçu özünə yeni klub axtarır:

"Əgər klub tapa bilsəm, gedəcəm. Yox, alınmasa, mövsümün sonuna kimi əvəzedici komandada çıxış edəcəm. Yəni, ən pis halda yaya kimi bu vəziyyətə dözməliyəm".

Həsənalızadə baş məşqçi ilə heç bir problemi olmadığını söyləyib: "Zaur Həşimovla danışdıq. Bildirdi ki, onun taktikasına uyğun gəlmirəm. Hər hansı problemdən söhbət gedə bilməz.

Nədənsə çoxları sual verir ki, bu qərarı özünə qarşı haqsızlıq hesab etmirsən? Niyə belə hesab etməliyəm ki? Bu münasibət tək mənə qarşı olsaydı, onda nəsə demək olardı. Məndən başqa daha 3-4 futbolçuya da eyni söz deyilib".

Müdafiəçi sonda isə komandada qalmaq üçün rəhbərlikdən əfv olunmasını istədiyi və maaşının yarıbayarı azaldılmasına razılaşdığı barədə yayılan xəbərə də münasibət bildirib: "Belə bir şey yoxdur. Heç kimdən heç nə xahiş etməmişəm".

Xəbər Lenti