“O, əziyyət şəkib Azərbaycana gəldi, təşəkkür etdim” - SÜRPRİZ QONAQ

16:40 Zirə 305
“O, əziyyət şəkib Azərbaycana gəldi, təşəkkür etdim” - SÜRPRİZ QONAQ

Vaxtilə Sumqayıtın “Gənclərbirliyi” komandasını çalışdırmış Adel Amruşun Azərbaycana qəfil səfəri boşuna deyildi.

Əlcəzairdən olan 57 yaşlı mütəxəssis Premyer Liqanın 16-cı turu çərçivəsində baş tutan “Zirə” – “İmişli” və “Sumqayıt” – “Sabah” qarşılaşmalarını izləyib ölkəmizi tərk etdi.

Amruş bura hansısa komanda ilə danışıq aparmaq üçün yox, hazırda baş məşqçisi olduğu Ruanda millisinin üzvlərini iş başında görmək üçün təşrif buyurmuşdu.

Bunlar “Zirə”nin üzvləri Anje Mutsinzi ilə Leroy Mikels və “Sabah”da çıxış edən Premyer Liqanın 9 qolla bombardiri Coy-Lens Mikels idi.

Yeri gəlmişkən, Mikels qardaşları Ruanda yığmasından gələn təklifi müsbət dəyərləndirərək bundan sonra milli formasını geyinməyə razılıq verib.

Sportinfo.az-a açıqlama verən Mutsinzi təcrübəli çalışdırıcının tribunada olması ilə bağlı danışıb:

“Millinin baş məşqçisinin Bakıya gələcəyindən xəbərdar idim. O, bu barədə bizi məlumatlandırmışdı.

Oyunu canlı izləməsi təbii ki, mənə xoş oldu. Bundan motivasiya aldım.

Əziyyət şəkib Azərbaycana gəldiyi üçün ona təşəkkür etdim. Tək bizə deyil, digər futbolçuları da oynadıqları çempionatda izləməkdə maraqlıdır.

Yəqin ki, hansı ölkəyə səfər etmək rahatdırsa, ora da gedir.

Üstəlik, bildiyimə görə, vaxtilə Azərbaycanda çalışıb, ölkənizi və futbol adamlarımnı tanıyır. Səfərdən məmnun olduğunu hiss etdim”.

Bu ilin martından Ruanda seçməsinə rəhbərlik edən Adel Amruş 2005-ci ilin fevral ayından may ayına qədər “Gənclərbirliyi”nin “sükanı” arxasında olub.

Sumqayıt təmsilçisi Əlcəzairdən olan məşqçinin rəhbərliyi altında 2004/05 mövsümünü 18 komanda arasında 12-ci pillədə başa vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti