“Zirə”nin legioneri Anje Mutsinzi Sportinfo.az-a müsahibə verib.
Ruanda millisinin də şərəfini qoruyan 28 yaşlı müdafiəçi komandasının “İmişli” ilə qolsuz bərabərə qaldığı qarşılaşmadan sonra sualları cavablandırıb.
- Özünü necə hiss edirsən?
- Üzgünəm təbii ki. İlin son oyunu idi, həm də öncəki iki matçda qələbə qazana bilməmişdik deyə, 3 xal arzusundaydıq. Bunun üçün çox çalışdıq, mübarizə apardıq, ancaq alınmadı.
- Qələbə istəyinə çata bilməyinizə nə mane oldu?
- Bu cür komandalarla oyunda hesabı erkən açmaq lazımdır. Əslində, qol vurmuşduq. Sadəcə VAR-a baxılandan sonra ləğv olundu. “İmişli” əsas diqqəti müdafiə olunmağa ayırmışdı və bu, onlarda yaxşı alındı. Boşluqlar vermədilər. İlk hissədə hesabı aça bilməməyimiz ikinci hissədə bizə problem yaratdı.
- Baş məşqçinin paltardəyişmə otağında heç-heçəyə reaksiyası necə oldu?
- O da bizim kimi məyus idi. Uğurlar arzuladı və yaxşı tətil keçirməyimizi söylədi.
- Geridə qala 16 turda 28 xal və 3-cü pillə. İlk yarıdakı nəticəni qənaətbəxş hesab edirsən?
- Pis deyil. Əlbəttə, daha yaxşı ola bilərdi. Xüsusən son 3 oyunda 7 xal itirməyimiz yerinə düşmədi. “Zirə”nin oynadığı futbola baxsaq, fikrimcə, daha artığını haqq edirik. Lakin futbol belədir, bəzən gözləmədiyin başına gəlir. Qarşıda bizi gərgin 17 tur gözləyir. Çalışıb daha yaxşısını etməliyik.
- Hədəf 2-ci pillədir, yoxsa tutulan yerdən asılı olmayaraq avrokuboklara vəsiqə?
- Furtbolçu olaraq məqsədim mövsümü ilk “3-lük”də başa vurmaqdır. İnanıram ki, bu, bütün futbolçularda belədir. Hər birimizin arzusu yayda avrokuboklarda mübarizə aparmaqdır.
HƏBİB

