Ötən tur «Qarabağ»ı əlindən qaçırmış «Zirə»nin Şamaxı səfərindən gözləntisi 3 xal idi.
Bu, baş vermədi.
Qonaqlar cəmi 1 hissə öz üstünlüyünü təmin edə bildi. Georgi Papunaşvili cərimə meydançasının önündən qapıya endirdiyi zərbəylə gözəl qol vurdu.
Daha iki-üç epizodda fərqlənməyə yaxın oldular, top «çərçivə»yə getmədi.
Hələ fasiələdən qabaq görünürdü ki, «Zirə» ikinci yarıda güclü təzyiqlə qarşılaşacaq. Ancaq fərqinə varmadılar və «soyuq duş» altında dondular.
Ard-arda gələn qollar tablodakı rəqəmlərin yerini dəyişəndə, dəqiqələr hələ 60-ı göstərirdi.
İrəlidə 30 dəqiqə var idi və «Zirə», heç olmasa, status-kvonu bərpa edə bilərdi. İki yaxşı imkan əldə eləsələr də, top yenə qapı torunu tapmadı.
Nə göründü? Göründü ki, «Zirə»yə hücumçu lazımdır. Əvvəl dəfələrlə qeyd etmişik, yenə bu sözün üstündə dayanırıq ki, Yeqor Boqomolski Rəşavd Sadıqovun arzuladığı forvard deyil.
Yayda «Neftçi»dən gəlmiş hücumçuda bu profilə aid heç nə yoxdur. Qapını hiss etməyən, zərbə anında başını yuxarı qaldırmayan, topu hara vuracağını bilməyən Boqomloski faciə adamıdır.
«Zirə»nin irəli zonada bu qədər çatışmazlığı olduğu halda, Premyer Liqada 23 qol vurması, turnir cədvəlində üçüncü pilləyə sahiblənməsi, doğrudan da, hadisədir.
Xeyli itkiyə rəğmən, bura qədər gəlmələri böyük işdir, komanda işidir.
KAMİL

