Sportinfo.az “Zirə”nin yarımmüdafiəçisi İsmayıl İbrahimlinin müsahibəsini təqdim edir:
- Premyer Liqasının 14-cü turunda “Qarabağ”la bərabərə qaldınız. 1:1-lik heç-heçəni necə şərh edərdiniz?
- Maraqlı oyun oldu. “Qarabağ”la görüşlərimiz həmişə maraqlı və gərgin keçir. Rəqibin gücünü də hamımız bilirik. Düşünürəm ki, bu matç “Qarabağ” üçün də asan keçmədi. Çoxlu qol epizodu yarada bilmədilər. Lazım olan bir xalı qazandıq. Düzdür, qalib də gələ bilərdik. Lakin “Qarabağ” kimi rəqiblə görüşdə 1 xal da pis nəticə deyil.
- Hesabda önə keçmişdiniz. Qələbə hesabını qorumaq üçün nə çatışmadı?
- Gözləmədiyimiz bir qol buraxdıq. İrəli atılarkən rəqib bizi əks-hücumda yaxaladı. Təəssüf ki, hesabdakı üstünlüyü qoruya bilmədik. 1:0-da fərqi artıra da bilərdik. İkinci hissədə qol şanslarımız oldu. Onları dəyərləndirsəydik, nəticə fərqli olardı.
- Sona yaxın “Zirə” tamamilə arxaya çəkilmişdi. Həmin anlarda müdafiə olunmaq nə dərəcədə çətin idi?
- “Qarabağ”la oyunda bu, normaldır. Sona yaxın “Qarabağ”ın təzyiqi çox idi. Eləcə də hücummaeyilli futbolçuları daim irəli atılırdılar. Təbii ki, bu təzyiqə dözmək çətin idi. Qol buraxmamaq üçün əlimizdən gələni etdik. Məncə, yaxşı mübarizə apardıq.
- Öz çıxışınızı necə dəyərləndirirsiniz? Kənardan çox istəkli görünürdünüz. Belə təəssürat yaranırdı ki, sabiq klubunuz “Qarabağ”a qarşı xüsusi motivasiya ilə oynayırsınız...
- “Qarabağ”ın adı xüsusi motivasiya üçün bəs edir. Belə oyunlar mövsüm ərzində az olur. “Qarabağ” olsun, “Neftçi” olsun – bu cür matçlar bizi daha da istəkli edir. Bu gün yaxşı oynamaq üçün heç bir maneə yox idi. Həm meydança yaxşı durumda idi, həm də rəqib güclü komanda idi. Bu da bizi daha istəkli edir.
- Qış fasiləsinə qədər iki oyununuz qalıb. “Şamaxı” və “İmişli” ilə matçlarda maksimum xal qazanmaq mümkün olacaq?
- Bəli, bu iki matçda bizə mütləq qələbə lazımdır. Həm “Şamaxı”nı, həm də “İmişli”ni məğlub etməyə çalışacağıq. Hər iki oyun çətin keçəcək. “Şamaxı” öz meydanında yaxşı oynayır. Süni meydan da bizə çətinlik yaradacaq. “İmişli” də səfər matçlarında yaxşı oynayır. Əvvəlki turlarda nəyə qadir olduqlarını görmüşük. İstənilən halda çalışacağıq 6 xal qazanıb, fasiləyə yaxşı əhval-ruhiyyədə yollanaq.
- “Qarabağ”ın təqvimi daha ağırdır. Bu 6 xal “Zirə”nin qış fasiləsinə lider kimi yollanması üçün kifayət edər?
- İstərdik elə olsun. Amma biz 6 xal qazansaq da, bu, liderlik üçün kifayət etməyə bilər. Çünki “Qarabağ” da gərək xal itirsin. Üstəlik, onların ehtiyatda da bir oyunları var.

