Azərbaycan Kubokunun 1/8 final mərhələsində ən çətin rəqib "Zirə"yə düşmüşdü.
Əbəs deyil ki, "Neftçi" ilə matç 120 dəqiqə davam etdi.
Gərgin mübarizə şəraitində keçən görüşdə "Qartallar" 115-ci dəqiqədə Martins Juniorun vurduğu qolla mərhələ adlayan tərəf oldu.
Ümumiyyətlə, Zirə təmsilçisi üçün işlər yağ-bal kimi gedir.
Kollektiv Premyer Liqada 26 xalla lider "Qarabağ"ın ən yaxın izləyicisidir. Arada cəmi 3 xal fərq var.
Ölkə Kubokunda əsas rəqiblərindən birini mübarizədən kənarlaşdırmaqla növbəti dəfə titula əsas namizədlərdən biri olduğunu göstərmiş oldu.
Klubun uğurlu yol cızmasının kökündə yayda Rəşad Sadıqovun müdrik qərarları dayanır.
Məsələn, "Neftçi" okeanın o biri tayında, ən yaxşı halda Rumıniyada oyunçu axtaranda Sadıqov evin içində təmizləmə əməliyyatı aparırdı.
"Şamaxı"da parlayan Brahim Konate, Leroy Mikels, "Sabah"a lazım olmayan Namiq Ələskərov, "Sumqayıt"la anlaşa bilməyən Rövlan Muradov kimi heyətə cəlb edilən adlar bu qəbildəndir.
Əvvəlki mövsümlər arasında da bənzər addımlar atılmışdı. Liqada qalmaq uğurunda mübarizə aparan və son anda istəyinə çatan "Kəpəz"dən Martins Junior, Giorgi Papunaşvili, Elçin Əlicanov məhz Sadıqovun istəyilə "Zirə"yə cəlb edilib. Təbii ki, Falaye Sako, Kristian Kostin, Sessi Dalmeyda kimilərdən dəfələrlə ucuz qiymətə.
Amma bu gün adıçəkilən rəqib oyunçulardan daha çox faydalı iş əmsalına sahibdirlər.
Elə bu mövsüm həmin Mikesl, Konate, Martins dəfələrlə "Zirə"nin xilaskarına çevrilib.
Liqanı tanıyırlar, ölkəyə yaxşı bələddilər.
Adaptasiya problemi yoxdur.
Və Rəşad Sadıqov kimi birinin sərəncamında çıxış edirlər.
Xırda görünən bu cür detallar birləşəndə ortaya yaxşı bir komanda çıxır.
"Zirə" kimi...
XANOĞLAN İMANOV

