Rəşad Sadıqov bu adamdan niyə ehtiyat etməlidir?

16:40 Zirə 271
Rəşad Sadıqov bu adamdan niyə ehtiyat etməlidir?

Azərbaycan kubokunun 1/8 final mərhələsinin ən prinsipal və səs-küy doğuran qarşılaşması Zirədə keçiriləcək.

Qəsəbənin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək.

Kollektivlər arasındakı intriqa barədə uzun-uzadı danışmağa gərək yoxdur. Bu, xüsusən Samir Abasov-Rəşad Sadıqov duellərində özünü ən yaxşı tərəfdən göstərib.

Sadıqov “ağ-qaralar”la hər oyundan sonra “Neftçi”yə qarşı mübarizə aparmağın çətinliyindən danışıb, hətta çempionat görüşlərində qazanılan 1 xala görə sevincini gizlətməyib.

Artıq Samir Abasov “Neftçi”də deyil. Əvəzində, komandanı oyuna müvəqqəti baş məşqçi səlahiyyətlərini icra edən Sənan Qurbanov çıxaracaq.

Qurbanovun baş məşqçiliyi karyerasında tez-tez yaşanan fasilələrə görə kölgədə qalıb. Daha doğrusu, çempionatda ciddi uğuru olmayıb deyə, ondan böyük nəticələr gözlənilmir.

Lakin unutmayaq ki, bu şəxs baş məşqçi qismində iki dəfə Azərbaycan kubokunu başının üzərinə qaldırıb. 2019-cu ildə “Qəbələ”nin, 2 il sonra “Keşlə”nin (indiki “Şamaxı”) “sükançısı” qismində.

Bu faktın özü Rəşad Sadıqovu düşünməyə vadar edir. Abasovdan canı qurtarsa da, kubokda qarşısına kubok məşqçisi çıxacaq. “Neftçi”nin Premyer Liqadakı vəziyyətini nəzərə alsaq, əsas gücü ikinci dərəcəli yarışa ayıracaqları şübhə doğurmur. “Zirə” səddinin keçilməsi üçün ayrılacaq mükafat fondu isə komanda üzvlərinin əhval-ruhiyyəsini birə-beş artıracaq.

Yeri gəlmişkən, “Zirə”ylə “Neftçi” 2016-cı ildən bu yana Azərbaycan kubokunda 5 dəfə üz-üzə gəlib. 4 dəfə 1/4 final mərhələsində münasibətlərinə aydınlıq gətirən komandalar 1 dəfə yarımfinalda qarşılaşıb.

Üstünlük “ağ-qaralar”ın tərəfindədir. “Neftçi” 3 dəfə növbəti mərhələyə yüksəlibsə, zirəlilər 2 halda sevinən tərəf olub. Bir dəfə əlavə vaxt oynanılıb, bir dəfə penalti seriyasına ehtiyac duyulub.

Həm komandalar arasında illərdir davam edən prinsipiallıq, həm də Sənan Qurbanov-Rəşad Sadıqov dueli oyunun son dərəcə maraqlı keçəcəyindən xəbər verir.

Bu gün Zirə İdman Kompleksinin meydanında gerçəkləşəcək duel saat 19:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 17:20 II Liqada 4:1 günü