Rəşad Sadıqov bunun üçün də gözləməli olacaq

7 Avqust 2022 10:40 Zirə 1 103
Rəşad Sadıqov bunun üçün də gözləməli olacaq

«Zirə» hələ xəyalən Konfrans Liqasındadır.

Son İsrail səfərinin üstündən bir həftədən çox keçsə də, Təl-Əvivin istisi Rəşad Sadıqovun sərəncamındakı futbolçuların canından çıxmayıb.

«Makkabi» ilə heç-heçə edən «Zirə»nin Premyer Liqanın daxili ab-havasına yenidən alışması, deyəsən, əlavə vaxt aparacaq.

Hamidu Keytanın yoxluğu «Kəpəz»lə qarşılaşmanın gedişatını büsbütün dəyişdi. Yeri nəyi var göründü.

Fransalı vingerin hücum xəttinə qatqısının miqyasını Rüstəm Əhmədzadədən almaq? Rəşad Sadıqov bunun üçün də gözləməli olacaq.

«Qarabağ»da 6 ay ayağına təsadüfdən-təsadüfə top dəymiş Əhmədzadənin forma yığması, özünü suda balıq kimi hiss etməsi irəliləyən həftələrdən asılıdır.

Baxır, o, özünü necə göstərəcək, daha çox çalışmağa fiziki və psixoloji olaraq güc tapacaqmı.

Suallar çoxdur və bu, «Zirə» ilə bağlı bəzi başqa mövzuları öz bərabərində gətirir.

Düzdür, burada qalması son anda dəqiqləşən Sertan Taşkının 90+4-cü dəqiqədə vurduğu qol «Kəpəz» üzərində qələbəni təmin etdi, həqiqət Rəşad Sadıqovun söylədiyi kimidir və dəyişmir:

Dmitrios Çantakiasın qırmızı vərəqə almasından sonra «Zirə» məğlubiyyəti gözünün altına almışdı və ən yaxşı halda 1 xala razı idi. Taleh quşu üzlərinə güldü.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!