"Mən uşaq və nəyinsə xəstəsi də deyiləm" - VİDEO

30 Aprel 2021 14:20 Zirə 1 046
"Mən uşaq  və nəyinsə xəstəsi də deyiləm" - VİDEO

“Oyun haqda çox danışmaq istəmirəm. Gərək bir az sakitləşəsən ki, sonra nələr baş verdiyinə baxasan”.

Sportinfo.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Keşlə” ilə keçirilən cavab oyunundan sonra deyib.

İlk matçda qələbə qazanmasına (2:1) baxmayaraq, ikinci görüşdə öz meydanında məğlub olan (2:3) “Zirə”nin final arzusu reallaşmayıb.

Gənc mütəxəssisin oyunsonrası mətbuat konfransında yenilgili şərhi belə olub: “Uşaqların alnından öpürəm, bağrıma basıram. Onlarla qürur duyuram. Bu gün meydanda tam görmək istədiyim kollektivi gördüm. İlk dəqiqədən son saniyəyə qədər apardıqları mübarizə, inamları, 10 nəfərlə hücuma atılmaları, qol vurmaları təqdirəlayiqdir. Bəlkə də, mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Görmək istədiyim “Zirə” də budur. Belə davam edərsə, komandanın gələcəyi olacaq və daha böyük işlər görə biləcəyik”.

- Son dəqiqələrdəki etirazınız sanki sizə qarşı indiyə qədər edilən narazılıqlara idi. Nələr baş verdi ki, hətta meydandan çıxmaq istəmirdiniz?
- Görmədiz ki, mən niyə özümdən çıxdım, nə baş verdi? Baş hakimə bildirdim ki, belə penalti vermirlər.

- Onu da dediz ki, sizin dərdiniz mənimlədir, uşaqlarla işiniz olmasın...
- Uşaqların əziyyətinə heyfim gəlir. Bilmirəm nə məsələdir, bunun kökündə nə durur. Çox dərin məsələyə oxşayır. Təkcə bugünkü matçda olan penalti qərarı deyil. Çempionatda verilməyən penaltilərimiz, rəqiblərə göstərilməyən qırmızı vərəqələr, qapımıza təyin olunan penaltilər bir deyil, iki deyil. Hansı birindən danışaq? Çox maraqlıdır, mənə verdiyi qırmızı vərəqəni necə əsaslandıracaq, protokola nə yazacaq. Zonanı pozmuşam, sarı vərəqə ver. Bir kəlmə artıq söz işlətməmişəm. Təkcə demişəm ki, penalti yoxdur. Keçən dəfə də yan xətt hakimi bizim qapımıza penalti verdirdi.

- Oyundan sonra hakimlərlə və Lazar Corceviçlə danışa bildiz? Həmin epizodda nə baş verdiyini soruşduz?
- Lazarla daha nə danışım? O epizod penaltidirsə, biz çempionatda nə qədər penalti vurmalıydıq. Cərimə meydançasında hər toqquşma və ya penalti qırmızı vərəqəlikdir? Nəyi şərh edəcəyimi bilmirəm. Komandamla sadəcə, fəxr edirəm. Bəlkə də, başqa cür oyunla finala çıxsaydıq, mənə bu qədər ləzzət eləməyəcəkdi. Əgər məsələ bizim Avropa Liqasına düşməməyimizdirsə... Biz ora getsək nə olacaq, getməsək nə? İlk ilimdə kuboku qazanıb-qazanmamağımın elə böyük əhəmiyyəti yoxdur. Mənim üçün dəyişən bir şey yoxdur. Finala çıxmadıqsa Rəşad dəyişildi, yoxsa hörməti azaldı? Əgər bir kuboka görə mənə hörmət olunacaqsa, belə hörmət istəmirəm. Futbol oynadığım vaxtda da məğlub olduğumuz zaman belə xarakter göstərməyə üstünlük vermişəm. Yoluma davam edirəm, məşqçi kimi mübarizəmi aparacam. Bilmirəm belə şeylərin qarşısının alınması üçün nələr etmək lazımdır.

- AFFA nümayəndəsinə bildirdiz ki, yuxarıdan sizə zəng ediblər. Orada nəyi nəzərdə tuturduz?
- Əlində telefonla danışırdı, dedim ki, sənə nə göstəriş verilib? Telefonla danışa-danışa kiməsə nəsə göstərirdi. Bildirdim ki, daha olan olub, kim nə istəyir səndən? Həyatdır, yaşayırıq. Bu gün komandamda görmək istədiyim ürəyi gördüm. Nə bu günlə yaşayan insanam, nə də nəyinsə xəstəsiyəm. Avropa Liqası da, Çempionlar Liqası da görmüşəm. Bu, mənim üçün çox ucuz, xırda şeylərdir. Belə hallar məni daha da motivasiyalandırır, həvəsdən salmır. Bu durumda hətta bu gün mərhələ də keçə bilərdik. 10 nəfərlə nə qədər hücumlar etdik, qol imkanları yaxaladıq. Hücum potensialı güclü olan “Keşlə”yə qarşı belə oyuna görə futbolçularımı ancaq təbrik edə bilərəm. Gələcəkdə belə vəziyyətlərdən çıxmaqdan ötrü daha da çalışacağıq.

- Premyer Liqada bürünc medal Avropa Liqasına qapı açacaq. Sizcə, bugünkü nəticə komandanı daha da aqressivləşdirəcək, yoxsa ruhdan salacaq?
- Böyük-böyük danışmaq istəmirəm. Bunu zaman göstərəcək. Komandamın baş verənlərə tam tərsinə, güclü reaksiya verməsini istəyirəm. Amma bu gün çox güc sərf elədik, 120 dəqiqəlik mübarizə oldu. Üstəlik, komanda yarım saat azlıqda oynadı. Futbolçular son dəqiqələrdə qaça bilmirdilər. Beş gün sonra isə “Qarabağ”a qarşı səfər görüşünə çıxmalıyıq. Mübarizəmizi davam etdirəcəyik. Qarşıda 4 tur qalıb. Təqvimə baxdıqda bizim oyunlar daha çətin görünür. Ancaq bu gün finala adlasaydıq, Avropa Liqasına vəsiqəni təmin edəcəkdik. Mən nəyinsə xəstəsi deyiləm. Komandama güvənirəm. İndidən nəsə desəm, pafoslu cümlələr olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!