Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının reqlamentinə aydınlıq gəlib. Sportinfo.az-ın məlumatına görə, III dövrədən sonra çempionatın əsas hissəsi başa çatacaq. 15 turun nəticəsinə əsasən ilk “dördlük”də qərarlaşacaq komandalar pley-offa yüksələcəklər.
Həlledici mərhələnin oyunları isə 2 dövrədən ibarət olacaq. Dairəvi sistemlə baş tutacaq ilk 3 tur Bakıda, son 3 matç isə Naxçıvanda olacaq. Pley-off mərhələsinin ilk dövrəsi martın 15-17-də, son oyunları isə həmin ayın 28-30-da olacaq.
Çempionatın gedişi və İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı görüş də keçirilib. Kişi komandaların baş məşqçiləri ilə görüşən Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev problemlərlə maraqlanıb və yığmamızın hazırlığına toxunub:
“İslamiadaya kimi komandamızı bacardığımız qədər yaxşı hazırlamalıyıq. Düşünürəm ki, voleybolçular nə qədər çox matç keçirsələr, bir o qədər təcrübələri artar. Pley-offda da komandalar beynəlxalq yarışlarda olduğu kimi ardıcıl 3 matça çıxacaqlar. Bu səbəbdən də biz martın 10-na qədər oyunçu transferinə icazə verdik. Bunlar qaydalara uyğun olmalıdı”.

