IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışına yekun vurulub. Sportinfo.az-ın məlumatına görə, turnirə ev sahibliyi edən “Bakı Kristal Zal”da əvvəlcə bürünc medallar uğrunda matç, ardınca isə final qarşılaşması baş tutub. Gözlənildiyi kimi, yarışın əsas favoritlərindən hesab olunan milli komandamız çempionluğu hansısa komandaya güzəştə getməyib.
Faiq Qarayevin yetirmələri bütün matçlarını qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ardıcıl 4 qələbə ilə finala vəsiqə qazanan voleybolçularımız həlledici görüşdə Türkiyə ilə qarşılaşıblar. Komandamız qrupda olduğu kimi həlledici hissədə də rəqibinə şans verməyib. Yığmamız 3:1 hesabı ilə qalib gəlməklə, İslamiadanı birinci pillədə başa vurub. Bürünc medallar uğrunda matçda isə Qırğızıstan Tacikistandan güclü olub.
İslamiadaya hazırlıq dönəmində çox gərgin görünürdüz. Buna səbəb nə idi? Komanda istədiyinizi verə bildi?
- Gərginliyin səbəbi o idi ki, hamı – bütün məşqçilər və idmançılar kimi, mən də bu yarışa ciddi yanaşırdım. Bütün azərbaycanlı məşqçi və idmançılar İslamiadaya xüsusi hazırlaşırdı. Çünki Azərbaycanda keçirilən yarışda iştirak etmək daha məsuliyyətlidi, həm məşqçilərin, həm də idmançıların üzərinə böyük yük qoyur. Axı hamı bizdən yüksək nəticə gözləyirdi. Bundan əlavə, komandamızda 4 zədəli oyunçu var idi. Buna baxmayaraq, gənclər özlərini yaxşı tərəfdən göstərdilər, onlardan çox razıyam. Bundan sonra dünya çempionatının seçmə mərhələsinə hazırlaşacağıq. İslam Həmrəyliyi Oyunları göstərdi ki, Azərbaycanda kollektiv idman növləri də güclənir. Qadın həndbolçularımız və voleybolçularımız qızıl medal qazandılar, kişi voleybolçulardan ibarət yığma qrupdakı bütün komandalara qalib gələrək, yarımfinala çıxdı. Onlardan da medal gözləyirik. Bir daha təsdiq olundu ki, Azərbaycanda qadın idmanı da yüksək səviyyədədi. Bu, fəxredici hissdi. Həm məşqçi, həm də MOK-un İcraiyyə Komitəsinin üzvü kimi bütün idmançılarımızla qürur duyuram. Bu, gözəl bayramdı. Dünənki atmosfer də çox gözəl idi. Tamaşaçılara da burdan təşəkkür edirəm. Ölkəmizdə yarışlar çox yüksək səviyyədə keçirilir. Bu işlərdə əməyi keçən hər kəsə minnətdaram. Ölkə prezidenti İlham Əliyev bizə, idmana bu qədər dəstək olur. Biz də dövlətimiz, millətimiz üçün əlimizdən gələni etməliyik. Hamını bu bayram münasibəti ilə təbrik edirəm.
Voleybolçular komandaya tam uyğunlaşıb?
- Kseniya Poznyak yarışa 5, Polina Rəhimova 3 gün qalmış yığmaya qoşuldu. Bir şeyi də deyim. Sabah (bu gün) Natalya Məmmədova Bakıya gələcək. Söz-söhbət var idi ki, Natalya yığmamızda oynamayacaq. Elə şey yoxdu. O, milliyə həmişə böyük həvəslə gəlib. Bilirsiz ki, Natalyanın formasını geydiyi İsveçrənin “Volero” klubu Yaponiyada keçirilən klublararası dünya çempionatında 3-cü yeri tutdu. Məmmədova birisigün bizimlə birgə Bolqarıstana yollanacaq. Bolqarıstanda 3-4 yoxlama oyunu keçirib, mayın 27-də Bakıya qayıdacağıq. Ayın sonunda isə dünya çempionatının seçmə mərhələsinin C qrupunun oyunlarını qəbul edəcəyik.
Natalya ölkəmizdə keçiriləcək Avropa çempionatında yığmaya kömək edəcək?
- Bəli. Bu yarışların hamısında oynayacaq.
Dünya çempionatının seçmə mərhələsində əsas rəqibimiz Hollandiya millisi olacaq. Bu komandanın oyunlarını izləmisiz? Hollandlar nədə bizdən güclüdü?
- Bu haqda danışmaq tezdi. Üç gün içində heç nə deyə bilmərəm. Hazırlıq üçün vaxtımız azdı. Bizim üçün ən uyğun variant Bolqarıstan toplanışı idi. Bu komanda da güclüdü. Ordan qayıtdıqdan sonra qrupdakı rəqibləri təhlil edəcəyik. Əsas məsələ zədəli voleybolçuları sıraya qaytarmaqdı. İlk növbədə bunun üzərində çalışırıq.
Gənclərin İslamiadada yaxşı oyun göstərdiyini vurğuladız. Legionerlərlə rəqabətdə onların özünü göstərmək şansı nə dərəcədə mövcuddu?
- Mən xaricdən cəlb etdiyimiz voleybolçulara legioner gözüylə baxmıram. Biz hardansa hazır oyunçu gətirməmişik. Yığmamızda çıxış edən əcnəbilər 14-15 yaşından bizdə voleybolun sirlərinə yiyələnib.
Əslində mən xarici klublarda çıxış edən voleybolçularımızı nəzərdə tutmuşdum...
- Natalya Məmmədova İsveçrədə, Odina Bayramova İtaliyada, Kseniya Poznyak və Yana Kulan Türkiyədə, Polina Rəhimova isə Yaponiyada oynayır. Nə qədər gücümüz varsa, hamısını toplamışıq. Bu gün 2 yığmamız mövcuddu. Bu da ümumilikdə 32 voleybolçu deməkdi. İlk dəfə belə sistem qurmuşuq. 32 nəfər hər gün gündə 2 dəfə məşq edir. Bu sistemi ona görə yaratmışıq ki, voleybolda klubların yay fasiləsi çox böyük olur. Aprelin əvvəlində çempionatı bitirmişik. Bir neçə gün əvvəl İslamiada başladı, bundan sonra dünya çempionatının seçmə mərhələsinin qrup oyunları və Avropa çempionatı keçiriləcək. Qitə birinciliyi oktyabrın əvvəlində bitəcək. Bu 6-7 ay ərzində bütün voleybolçular düşərgədə olacaq, 8-10 məşqçi, 4 həkim, eləcə də fizioterapevtlərin nəzarəti altında gündə 6 saat məşq keçəcəklər.

