COP29

Bu şəxs gedən baş məşqçi ilə bağlı ürək sözlərini "Sportinfo"ya dedi

15 İyun 16:00 Turan 1 780
Bu şəxs gedən baş məşqçi ilə bağlı ürək sözlərini "Sportinfo"ya dedi

Ayxan Abbasov Tovuzda necə xatırlanacaq?

Doqquz illik fasilədən sonra "Turan Tovuz" futbol klubunun yenidən yüksək liqada mübarizə aparması bütün tovuzlu futbolsevərlər kimi məni də çox sevincli və qürurlu etmişdi.

Mənim "Turan"a olan sevgim ilk dəfə 2011 ci ildə cəmi 10 yaşım olanda başlamışdı.

Necə başlamışdı, onu da deyim. Fikir versəniz görərsiniz ki, Tovuzda keçirilən oyunlarda həmişə azyaşlı uşaqlar olur. Onları oyuna çox zaman babaları, ataları və digər qohumları gətirir. Mən o şəxslərin hər birinə "çox sağ ol" deyirəm. Çünki biz belə-belə "Turan" sevgisini bir nəsildən digər nəsilə ötürmüş oluruq.

Xülasə, 2011-ci ildə həmin indiki az yaşlılardan biri də mən idim.

Məni də bir yaxın qohumum Tovuz Şəhər stadionuna apardı. Heç komandamızın adını belə bilmirdim, ancaq oyun Premeyer Liqanın Tovuzda keçirilən ilk oyunu idi deyə dirəklərin üzərində bayraqlar var idi və hamsının üzərində "Turan" yazılmışdı.

Zaman keçdikcə stadionda olan adamların sayı dayanmadan artmaqda idi və bunun əsas səbəbi sən demə həmin gün – 13.08.2011 tarixində Qərb derbisinin olması imiş. Oyun başlayandan bitənə kimi "Turan", "Turan" o qədər çığırmışdım ki, səsim təmiz batmışdı. Oyunda ilk qolu Kəpəz vurdu, amma azarkeşlərin dəstəyi dayanmırdı.

"5 nömrə"li oyunçu Azarkeşlərə tərəf üzünü tutub onları daha da coşdururdu. Bir müddətdən sonra sağ cinahdan qurulan hücum zamanı həmin "5 nömrə"li futbolçuya qarşı qayda pozuldu. Cərimə zərbəsini özü yerinə yetirdi və davamında top rəqibin qapısını silkələdi.

Uşaq-böyük hamı sevinirdi. Stadionda tanımadığım, heç vaxt üzünü görmədiyim adamlarla sanki illərdi gözlədiyimiz bir şeyin nəticəsini aldığımız kimi qola sevinirdik. Oyunun qalan hissəsində komandamız daha 2 qol vurdu və yekunda 3-1 qələbə qazandıq.

Düz bir həftə səsim düzəlmədi. Oyundan sonra həmişə o "5 nömrə"li oyununçun kimi olduğunu bilmək istəyirdim. Nəhayət, öyrəndim ki, həmin oyunçu Ayxan Abbasovdur.

Hansı Ayxan Abbasov?

Bu suala bir azdan cavab verəcəm. Çox təəssüf ki, komandamız daha sonra - 2013 cü ildən yüksək liqada yerini itirdi və biz nə az, nə çox bu izdihamı gözləmək üçün 9 il gözləməli olduq.

"Turan" Premyer liqaya qayıdanda artıq mənim 21 yaşım var idi və mən bu xəbəri alanda Azərbaycanda deyildim.

Təhsilimlə əlaqədər xarici ölkədə olduğumdan oyunlarda olacaq əla atmosferi yaşaya bilməyəcəyimə görə üzülürdüm, amma digər tərəfdən "Turan"ın yenidən elitada olması məni çox sevindirirdi.

Ələlxüsus da məşqçinin Ayxan Abbasov olması.

Düz iki il bütün oyunlara canlı olaraq internet üzərindən baxdım. Nəhayət, iki ildən sonra o atmosferi yaşayacağım gün yetişdi. Səhər saat 05:00-da təyyarə Bakıya eniş etdi. Saat 15:00-da "Turan"ın evdə "Səbail"lə oyunu var idi.

Tələm-tələsik hava limanından bir başa avtovağzala yolda düşdüm.

İki il müddətində ailəmlə görüşməyə imkanım olmamışdı. Onlar saat 3-də evə çatacağımı bilib hazırlıq görmüşdülər.

Tovuza çatanda oyunun başlamağına cəmi yarım saat qalmışdı. Amma evə getsəm oyuna gecikə bilərdim. Ona görə də birbaşa stadiona yollamağı seçdim. Ailəmə "məni bağışlayın, mən futbola baxmalıyam" - deməyə məcbur oldum.

Çox sağ olsunlar hamı məni başa düşdü, amma məni ən dərin başa düşən bir adam var idi.

Tovuz şəhər avtovağzalına çatanda hava kifayət qədər soyuq və qarlı idi.

Saata baxanda oyunun başlamığına cəmi 10 dəqiqə qalmışdı. Avtovağzaldan stadiona gedərkən küçədəki oyuna gedən uşaqları görəndə 10 il əvvəlki özümü görürdüm. Uşaqlar necə həvəslə baba, ata, dayı və digər qohumlarının əlindən tutub sevinə-sevinə stadiona doğru gedirdilər.

Nəhayət, budur düz vaxtında gəlib oyuna çata bildim və stadionumuzun bəzəyi olan Rasim əminin 10 il əvvəlki səsi ilə "Tovuz şəhər stadionuna xoş gəlmisiniz" çağrışı məni çox qəhərləndirdi.

Bu o stadiondur ki, vaxtilə oyununa görə sevidiyimiz "5 nömrə"li futbolçu indi komandamızı oyuna çıxarırdı.

Vaxtilə bizi öz jestləri və oyunu ilə coşduran "5 nömrə"li Ayxan Abbasov.

O, doğma divarlar arasında yerli publikaya qələbə sevinci yaşatmaq üçün əlindən gələnləri edəcəkdi. Bəli, belə də oldu.

Komandamız azarkeşlərin dəstəyi altında qələbə qazandı və şaxtalı hava azarkeşlər üçün tamamilə unuduldu.

İndi isə yuxarıdakı suala cavab verməyin vaxtı çatdı.

Ayxan Abbasov "Turan" sevərlərin ürəyində insanlığı, səmimiliyi hər zaman sadəlövlüyü ilə seçilən, kiminsə haqqına girməyən həm məşqçi, həm də futbolçu olaraq əbədi qalacaqdır.

Ayxan Abbasov o Ayxan Abbasovdur ki, "Turan"ın avtobussuz, sponsorsuz vaxtlarında belə bizim komandamızı çalışdırmağa qərar vermişdir. Çox böyük çətinliklər görmüş və bütün bunların fonunda həmişə komandanın yanında olub və tək məqsədi ölkəmizə və futbolumuza öz xeyrini vermək olmuşdur.

Ayxan Abbasovun ayrılıq postu məni çox kədərləndirdi və mətbuatda oxuduqlarıma əsasən onun da ayrılmağa isti yanaşmamasını gördüm.

Yazdığım mətn Ayxan Abbasovla bağlı ilk abzasdakı suala cavab idi.

Ayxan Abbasov məni tanımır, amma mən onu çox yaxşı tanıdım və yaxşı biri kimi xatırlayacam. Ümid edirəm ki, bu yazım bəlkə də onun qabağına çıxacaq və ona verilmiş bu sualın cavabını "Turan" sevər bir tovuzlunun dilindən cavabını eşitmiş olacaq.

Son olaraq bir daha Ayxan Abbasova bir futbol azarkeşi olaraq komandamızda göstərdiyi oyuna və məşqçi kimi fəaliyyətinə görə təşəkkür edirəm, onu bağrıma basır, gələcək həyatında uğurlar arzu edirəm.

Ülvi Əhmədli

Sportinfo.az-ın poçt qutusu

Digər Xəbərlər
Xəbər Lenti