Azərbaycanın Ermənistana “əsir zərbəsi” - təcavüzkar ölkə başını itirib

18 Aprel 23:50 Sizdən Bizə 887
Azərbaycanın Ermənistana “əsir zərbəsi” - təcavüzkar ölkə başını itirib

Ermənistanın daxilindəki gərginlik azalmaq bilmir.

Son olaraq, ötən həftənin sonunda Azərbaycanın təcavüzkara vurduğu “əsir zərbəsi” erməni cəmiyyətini tamamilə qarışdırıb.

Erməni iqtidarının xalqını aldadaraq, Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun təyyarə ilə Azərbaycan tərəfindəki cinayətkarları gətirdiyi barədə verdiyi xəbərin sonda yalan çıxması qarşıdurmanı daha da dərinləşdirib.

İndi əsas sual budur:

Azərbaycanın bir çox şərtləri (məsələn, mina xəritəsi) Ermənistan tərəfindən yerinə yetirilsə, rəsmi Bakı burada saxladığı erməni cinayətkarları təhvil verərmi?

Politoloq Elçin Mirzəbəyli Ermənistan cəmiyyətinin hələ də reallıqları dərk etmədiyini söylədi: “Ermənistan cəmiyyətində hansı əsaslarla Azərbaycanda saxlanılan, müharibədən sonra ərazilərimizdə cinayət əməlləri törətmiş terrorçu və təxribatçıların qaytarılacağı barədə əminliyin olduğunu söyləmək çox çətindir. Bu məsələ ilə bağlı Azərbaycanın mövqeyi açıq və aydındır. Əgər Azərbaycandan başqa hansısa tərəf Ermənistan cəmiyyətini ümidləndiribsə, o zaman bu, onların hələ də reallıqları dərk etmədiklərini göstərir. Rusiya sülhməramlılarının başçısı da bu məsələ ilə bağlı Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin təxribata yol verdiyini bildirdi və bunun qarşılığında rəsmi İrəvan heç bir açıqlama vermədi. Yəni sadə məntiqlə təxribata yol verdiklərini qəbul etdi. Bu baxımdan terrorçu və təxribatçılarla bağlı ”Ermənistan cəmiyyətini ümidləndirən" məsələyə bir neçə aspektdən yanaşmaq olar. Birincisi, ola bilsin ki, belə bir razılaşma olub və bunun qarşılığında Ermənistan hökuməti üzərinə hansısa öhdəliyi, ola bilsin ki, minalanmış sahələrin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı sözünü tutmayıb.

Elçin Mirzəbəyli:

Elçin Mirzəbəyli: “Terrorçu və təxribatçıların Ermənistana verilməsi üçün hüquqi prosedurlar keçilməli, hüquqi əsaslar olmalıdır”

Qeyd edim ki, hətta bu halda da terrorçu və təxribatçıların Ermənistana verilməsi üçün hüquqi prosedurlar keçilməli, hüquqi əsaslar olmalıdır. Yəni istintaqın gedişində onlardan hansının qətl, yaxud digər cinayətlər törətdiyi aşkarlanmalı və onlar haqqında müvafiq qərarlar olmalıdır. Cinayət törətməyən şəxslər isə - əgər belələri varsa, o zaman onlar yenə də müvafiq hüquqi prosedurlardan sonra Ermənistana verilə bilər. Yəni bu şəxslər müharibədən sonra Azərbaycan ərazisinə keçdikləri və silahlı olduqları üçün onlara qarşı da müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsi labüddür və keçirilməsi də şübhə doğurmur. Bu şəxslərin əfv edilməsi üçün isə məhkəmə qərarları olmalıdır. İkincisi, mümkündür ki, Ermənistan hakimiyyəti ölkədə olan neqativ enerjini Rusiyaya tərəf yönəltmək və bu məsələdə Kremli günahkar çıxarmaq istəyir. Həmçinin Ermənistan cəmiyyətinə mesaj vermək istəyir ki, Rusiya onların heç bir problemini həll etməyəcək. Məsələnin digər tərəfinə, mina xəritələrinin, yaxud hansısa digər məsələnin Azərbaycanın maraqlarına uyğun həll edilməsinin qarşılığında terrorçu və təxtibartçıların Ermənistana təhvil verilməsi məsələsinə gəlincə, bu, kifayət qədər mürəkkəb məsələdir. Çünki onlar müharibə başa çatdıqdan sonra Azərbaycan ərazilərinə keçərək cinayət əməlləri törədiblər və müharibə dövrünün qanunları, o cümlədən hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı razılaşmalar onlara şamil oluna bilməz".

Əziz Əlibəyli:

Əziz Əlibəyli: “Ermənilər 10 noyabrda imzalanmış sazişin 4-cü bəndini yerinə yetirmirlər”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Azərbaycan tərəfi 10 noyabrda imzalanmış sazişin 4-cü bəndinin yerinə yetirilməsini istəyir. Bu bənd isə ondan ibarətdir ki, rus sülhməramlıları yerləşdiriləndə paralel olaraq erməni silahlıları bölgəni tərk etsinlər. Amma görünən budur ki, onlar buna əməl etmədilər. Nəticədə noyabrın sonu, dekabrın əvvəli Azərbaycan tərəfi antiterror əməliyyatı həyata keçirərək, onlarla erməni terrorçusunu ələ keçirdi. Söhbət burada əsir və girovlardan, yəni müharibə tərəfindən getmir, onlar sırf olaraq terrorçulardır. Mina xəritəsi və digər məsələlər Azərbaycanın şərtlərindən biridir. Azərbaycanın əsas şərtləri həmin silahlıların ərazidən çıxarılması, mina xəritələrinin verilməsi və kommunikasiya xətlərinin çəkilməsinə maneələr varsa, onların aradan qaldırılmasıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?
17 May 17:00 Bu bonus sizin üçün