“Neftçi”yə lazım olmayan, futbolsuz qalan, Əhmədovdan şans qazanan bu 4 nəfər...

5 Dekabr 2022 22:20 Şamaxı 952
“Neftçi”yə lazım olmayan, futbolsuz qalan, Əhmədovdan şans qazanan bu 4 nəfər...

Mövsümün əvvəlində kimsə “Şamaxı”nın çempionatın ən gərgin vaxtında “Səbail”, “Sumqayıt” və “Kəpəz” kimi rəqiblərini qabaqlayacağını iddia etsəydi, həmin adama gülərdilər.

Təlim-məşq toplanışında ən gec başlayan, heyətini legionerlərlə gücləndirməyən, əsasən digər klublara lazım olmayan, ya da əvəzedici komandalarda oynayan futbolçulara bel bağlayan, büdcəsinə görə 9 klubun hamısından zəif olan bölgə təmsilçisini cari mövsümün sürpriz komandası adlandıra bilərik.

“Şirlər” 16 oyundan 12 xal toplamaqla 10 komanda arasında 7-ci pillədə qərarlaşıb. Xüsusən çempionluğa iddialı “Sabah”la sonuncu qarşılaşmadakı 1:1 hesablı bərabərlik şamaxılıların öncəki nəticələrinin təsadüfi olmadığını ortaya qoydu.

Əsas heyətdə Elvin Məmmədov, Rəşad Əzizli və Adil Nağıyev kimi təcrübəliləri çıxsaq, digərləri dünənə qədər tanınmayan ortabab futbolçular idi. Lakin indi Premyer Liqa klubları onlarla maraqlanır, yaxın gələcəkdə onlarla güclənmək üçün indidən işə başlayıb.

Həmin futbolçular dünənə qədər hardaydı? Üzə çıxmalarına kim mane olurdu? Futbolçu karyeralarında nələr yaşanıb?

Nihad Quliyev və Rauf Hüseynli ilə işimiz yoxdur. Hər ikisi “Qarabağ”ın yetirməsidir. Yəni görüb-götürmələri, bu gün elitada özlərini rahat hiss etmələri anlaşılandır.

Diqqəti 4 futbolçuya yönəldək.

Kamran Quliyev

Komandasının ən məhsuldar futbolçusu olan 22 yaşlı hücumçu Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Quliyevin oğludur.

Cari mövsümdə Premyer Liqada meydana çıxdığı 15 oyunda 4 qol vurub, 1 qolun ötürməsini verib. Kamran futbolun sirlərinə “Qəbələ”nin akademiyasında yiyələnib.

2018-ci ilin yayında “Qəbələ”nin U-19 komandasından Litvaya yollanıb. İlyarım “Yonava”nın sıralarında olub və 2020-ci ilin yanvarından iyuluna qədər futbol oynamayıb. Həmin vaxt

“Sabah-2” onu sıralarında cəlb edib. 1 ildən sonra isə əsas komandaya dəvət olunub və ötən mövsüm Premyer Liqada 4 oyunda şans qazanıb. Bu ilin yayında “Şamaxı”ya keçib.

Fuad Bayramov

Hazırda adı bir neçə Premyer Liqa klubunun transfer siyahısında olan sol cinah müdafiəçisi oyunu və effektivliyi ilə diqqətləri üzərinə çəkməkdədir.

Fuadın futbolçu bacarığı hələ illər əvvəl məşqçilərin diqqətini çəkib. Məhz bu səbəbdən 2016/17 mövsümündə Tərlan Əhmədov heç kimin tanımadığı gəncə Premyer Liqada AZAL-ın heyətində debüt etmək imkanı yaradıb.

Lakin sonrakı illər Bayramova uğur gətirməyib. İstedadlı futbolçu gününü Birinci Divizionda və əvəzedicilərin çempionatında keçirib. Bu müddətdə “Zirə-2”, “Zaqatala”, “Sumqayıt-2” və “Turan Tovuz”da top qovub. Ötən mövsüm “Şamaxı-2”də oynayıb.

Bayramov cari Premyer Liqa mövsümündə 15 oyunda 2 qol vurub, 7 assist edib.

Rəhman Daşdəmirov

Vüqar Əsgərlinin daim şans verdiyi daha bir sürpriz ad. Ucaboy müdafiəçi vaxtilə “Neftçi”nin gələcəyi hesab olunurdu.

“Ağ-qaralar”ın U-19 və U-21 komandalarında top qovan 23 yaşlı futbolçu 2 il əvvəl “Neftçi”nin əsas komandasına yüksələ bilmədiyindən qapını arxadan bağlamaq məcburiyyətində qalıb.

Üz tutduğu ünvan Birinci Divizion təmsilçisi MOİK olub. Bir müddət sonra “Səbail”in əvəzedici komandasında görünüb və ötən ilin yayında “Şamaxı-2” ilə anlaşıb.

Bu ilin əvvəlində isə əsas komandanın sıralarına qoşulub. Rəhman cari mövsümdə “Şamaxı”nın elitada meydana çıxdığı 16 oyunun hamısında şans qazanıb.

Rövşən Şahmuradov

Mövsümün əvvəlində futbolçu keyfiyyətlərindən çox, formasının arxasında ad-soyadının yazılmamasına görə diqqətləri üzərinə çəkən 23 yaşlı yarımmüdafiəçi indi komandasının ən yaxşılarından biri hesab olunur.

Vaxtilə “Qaradağ Lökbatan”ın uğurları üçün tər tökən Şahmuradov ötən mövsümü Birinci Divizionda keçirib. “Turan Tovuz”dakı inamlı çıxışı sayəsində məşqçilərin diqqətini çəkdiyindən, bu ilin yayında “Şamaxı” onunla 3 illik müqavilə imzalayıb.

Bilməyənlər üçün xatırladaq ki, Şahmuradov “Turan Tovuz”la anlaşmamışdan əvvəl futbolu atmaq qərarını verib. Lakin bir müddət futboldan uzaq düşdükdən sonra yenidən yaşıl meydanlara qayıtmaq qərarını verib.

Əvəzedici komandada da çıxış edən “23 nömrə” bu il Premyer Liqada 9 oyunda 1 qolla yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"