“O səhv olmasaydı…” - Məğlub komandanın müdafiəçisi

24 Noyabr 2022 16:40 Şamaxı 506
“O səhv olmasaydı…”  - Məğlub komandanın müdafiəçisi

“Şamaxı” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Turan Tovuz”a məğlub olmaqla (0:1) mübarizəni erkən dayandırdı.

“Şirlər”in doğma meydanda öz azarkeşləri önündə uduzması müəyyən mənada təəccüblə qarşılandı.

Çünki bu komandaların noyabrın 4-də ölkə çempionatı çərçivəsində Tovuzda baş tutan duelində şamaxılılar 3:1 hesabı ilə qalib gəlmişdi.

Komandanın təcrübəli və aparıcı futbolçularından olan Adil Nağıyev Sportinfo.az-a açıqlamasında son oyunla bağlı fikirlərini dilə gətirib:

“Yaxşı oynadığımızı və mübarizə apardığımızı düşünürəm. Oyuna nəzarət əlimizdə idi. Qol imkanları yaradırdıq, rəqibə şans vermirdik, bir sözlə, üstün tərəf idik.

Ani diqqətsizlikdən buraxdığımız qol sonluğun belə olması ilə nəticələndi. “Şamaxı” əsasən gənclərdən təşkil olunmuş komandadır.

“Turan Tovuz”da isə təcrübəli legionerlər top qovur. Bununla belə, biz onlardan üstün idik. 71-ci dəqiqədəki səhv olmasaydı, indi bəlkə də başqa şeydən danışırdıq.

Hesab açılandan sonra rəqib müdafiə olunmağa başladı. Üstəlik, biz də azlıqda qaldıq. Kubok mübarizəsi başa çatdı.

Bundan sonra çempionat oyunlarına köklənməliyik. “Kəpəz”lə qarşılaşmada qələbə qazanıb xallarımızın sayını artırmaq istəyirik”.

Son oyunlarda inamlı təsir bağışlayan “Şamaxı” 14 görüşdən sonra 10 xal toplamaqla 7-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti