AFFA Premyer Liqa klubunu millinin bazasına çevirir

2 Fevral 2020 18:42 Səbail 2 096
AFFA Premyer Liqa klubunu millinin bazasına çevirir

AFFA-nın əsas milli ilə U-21 arasında "körpü" rolunu oynayacaq yeni komanda formalaşdırmaq ideyasını gündəmə almasından xəbərdarsız.

U-23 adlanacaq yığma ölkənin bir nömrəli kollektivi üçün ehtiyat baza rolunu oynayacaq. Bura az-çox istedad vəd edən gənclər toplanacaq və onlar ilboyu müxtəlif turnirlərdə qüvvəsini sınayacaq, təlim-məşq toplanışlarına aparılacaq.

Baş məşqçi postuna əyləşməyə hələlik 2 mütəxəssis favoritdir. Onlardan biri Məşqçilər Komitəsinin üzvü Şahin Diniyevdirsə, digəri mövsümün əvvəlində "Zirə"dən ayrılan Samir Abasovdur.

U-23-ün yaxın perspektivinə gəlincə, ideyanın necə təşəkkül tapacağı hələ dəqiqləşməyib. Daha doğrusu, AFFA-nın özü bununla bağlı yekun fikrə gəlməyib.

Bu məsələdə "Səbail"dən, belə demək mümkünsə, "dənizçilər"in mövsümü necə başa vurmasından çox şey asılıdır. İşdir-şayəd, Bayıl təmsilçisi Premyer Liqanı sonuncu pillədə bitirsə, Vaqif Sadıqovun ideyasının "işə salınması" üçün əməli addım atılacaq.

Hər halda Rövnəq Abdullayev oğluna məxsus klubu U-23-ün bazası etmək planına "yox" deməyib. Elə olsa, UEFA və FİFA-dan AFFA-nın hesabına köçürülən vəsaitin bir hissəsi "Səbail"ə yönəldiləcək.

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov federasiya prezidenti Rövnəq Abdullayevin ideyaya müsbət yanaşdığını bildirməklə haradasa "Səbail"in məqsədinin dəyişmək üzrə olmasına eyham vurub:

"Rövnəq müəllim buna isti yanaşdı. Ümumiyyətlə, millinin baş məşqçisi postuna namizədlər siyahısında həm yerli mütəxəssis, həm də xarici adlar var. Həm ikinci milli, həm baş məşqçi mövzularında müzakirələr qızğın getdiyindən iclas çox çəkdi.

Nadir hallarda İcraiyyə Komitəsinın iclasları bu qədər davam edir. Rövnəq müəllim təklif etdi ki, bu müzakirələrçün bir az da vaxt ayrılsın.

İki həftə sonra İK yenidən toplaşıb, həm baş məşqçi məsələsinə aydınlıq gətirəcək, həm də ikinci yığma komanda mövzusunda konkret addımların müzakirəsi olacaq".

SPORTİNFO,AZ

Digər Xəbərlər
Xəbər Lenti