Komandasını pis durumda qoyan legioner “sərbəst buraxıldı”

25 Aprel 23:00 Səbail 803
Komandasını pis durumda qoyan legioner “sərbəst buraxıldı”

Avrokuboklara vəsiqəni hədəfləyən “Səbail” Premyer Liqanın 30-cı turunda “Kəpəz”lə bacarmadı.

Kifayət qədər maraqlı keçən qarşılaşmanın yekununda komandalar hərəyə 3 qol vurmaqla xalları böldü.

“Dənizçilər”in son saniyələrdə qapısında bərabərlik topunu görməsində komandanın azlıqda qalması böyük rol oynadı.

Meydana sonradan çıxan Adi Mehremiç gərəksiz vəziyyətdə topu hakimin fitindən sonra kənara vurdu, epizodun davamında hakimi təhqir etməklə qarşısında “qırmızı” gördü.

Hər halda referi Cavid Cəlilov protokolda vərəqənin motivini bu cür qeyd edib.

“Səbail”i çətin durumda qoyan Mehremiç buna görə klub tərəfindən cərimələnməyəcək. Adətən bu cür hallarda günahkara klubun daxili intizam kodeksinə uyğun pul cəriməsi kəsilir.

Lakin indiki vəziyyət fərqlidir. Əvvəla, Mehremiçə hakimi söydüyünü sübut etmək mümkün olmayıb. Bosniyalı israrla ağzına pis söz almadığını deyir.

Digər tərəfdən, Mate Kvirkviyanın uzaq məsafədən vurduğu baxımlı qola görə Adi yox, meydanda olan futbolçular məsuliyyət daşıyır.

“Kəpəz”lə heç-heçədən sonra xalların sayını 39-a yüksəldən “Səbail” 7-ci pillədə qərarlaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti