“Ramazanın ilk günündə məni xeyli danladı” – O, niyə evdən bayıra çıxmır?

4 Aprel 22:20 Səbail 518
“Ramazanın ilk günündə məni xeyli danladı” – O, niyə evdən bayıra çıxmır?

“Səbail”in portuqaliyalı legioneri Madi Queta Sportinfo.az-a müsahibə verib.

25 yaşlı yarımmüdafiəçi komandasının çempionatdakı durumuna şərh verib, özü ilə bağlı bilmədiyimiz bir sıra maraqlı məqamlara toxunub.

- “Dördlük”də rəqiblərlə xal fərqi artır. Avrokubok şanslarınızı necə görürsən?

- Hazırda final mərhələsindəyik. Bizim kimi digər komandalar da qalib gəlmək istəyir ki, vəsiqə qazansınlar. Hər şey öz əlimizdədir. Qarşıdakı 8 matçdan qalib ayrılsaq, Konfrans Liqasında iştirak edəcəyimizə əminəm. Ümumi götürsək, komandamıza inanıram.

- Əvəzlənərkən üzgün olduğunu gördüm. Səbəbi sona qədər meydanda qalmaq istəyi ilə bağlı idi?

- Təbii ki, hər bir futbolçu meydanda olmaq, komandasına fayda vermək istəyir. Xüsusən də belə anlarda. Düşünürdüm ki, sona qədər oynasam, nəsə edə bilərəm, çünki gücüm var idi. Ona görə də əvəzlənməyimə görə üzgün idim. Baş məşqçinin qərarıdır, nə edə bilərəm?

- Uyğunlaşmaq çətindir bura?

- Çətin deməzdim. Sadəcə, bir az vaxt lazımdır. Dediyim kimi, arada müəyyən fərqlər var.

- Bakıda asuda vaxtlarını necə keçirirsən?

- Demək olar evdən bayıra çıxmıram (gülür). Bütün günü evdə oluram. Nadir hallarda sevgilimlə şəhəri gəzməyə çıxırıq, bu da tez-tez olmur. Azərbaycanın gözəlliyinə şübhəm yoxdur. Çünki daha öncə də gəlmişdim və hər şeyi canlı görmüşdüm.

- Hansı komandanın heyətində gəlmişdin?

- Səhv etmirəmsə, 2014-cü il idi, burada “Qəbələ cup” turniri keçirilirdi. Həmin vaxt “Portu”nun akademiyasının futbolçusu idim. O dönəmdə komanda üzvləri ilə həm Bakını, həm də Qəbəni gəzmişdik.

- Kimlərlə dostluq edirsən?

- “Sumqayıt”da İsa Suliman var, tanıyırsınız yəqin. Ötən mövsüm onunla Portuqaliyada eyni komandada – “Vilafranquense”də oynamışıq. Ötən yay mən başqa komandaya getdim, o isə Azərbaycana gəldi. Ara-sıra danışırıq, Ramazan ayının ilk günündə məni xeyli danladı (gülür).

- Niyə?

- Mən də müsəlmanam, amma İsa qədər inanclı deyiləm. O, İslamın qanunlarına əməl edir, mən isə yox.

- Oruc tutursan?

- Əlbətə. Amma son 4 günü tutmamışam. Dişlərimi müalicə etdirirəm deyə, tez-tez həkimə getməli oluram. Belədə, oruc tutmağım mümkünsüz olur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti