“Şən futbol”un “Sumqayıt” əlacsızlığı

17 Mart 22:55 Səbail 444
“Şən futbol”un “Sumqayıt” əlacsızlığı

Çempionatın şən futbol oynayan 3-4 komandası varsa, biri “Səbail”dir.

Bunu görmək üçün uzağa boylanmağa gərək yoxdur. “Dənizçilər” geridə qalan 27 oyunda rəqib qapılarından 39 top keçirib ki, bu göstəricidə “Qarabağ”la (68) “Turan Tovuz”dan (40) geri qalır.

Öz qapısından buraxılan topların sayı da “Səbail”in açıq futbol nümayiş etdirdiyini göstərir. 27 turda qapısında 44 top görüb. Bu göstəricidə yalnız “Qəbələ”ylə “Kəpəz”i üstələyir.

Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv rəqibin adından asılı olmayaraq hər matçda saysız qol imkanları yaxalayır. Məzmun, rəngarənlik var komandanın oyununda. Baxanda darıxmırsan, bilirsən ki, oyunda azı 2 qol vurulacaq. Ya özləri vuracaq, ya da buraxacaqlar.

“Səbail”lə bağlı maraqlı məqam çempionatdakı 9 rəqibindən yalnız 1-i ilə bacarmamasıdır.

Bayıllılar geridə qalan 7 ayda Premyer Liqa komandalarının hərəsi ilə çempionatda 3 dəfə qarşılaşıb. Bütün rəqiblərinə badalaq vurmağı bacarıblar, “Zirə”, “Neftçi”, “Sabah”, lap elə “Qarabağ” olsun. Hamısına.

“Dənizçilər”in öhdəsindən gələ bilmədiyi yeganə kollektiv “Sumqayıt”dır. Cari mövsümdə qarşılaşdıqları 3 matçın hamısında bu rəqibə məğlub olublar – 1:4, 0:1, 0:1.

Hər komanda üçün mütləq uğursuz rəqib var. “Səbail” üçün həmin rəqib “Sumqayıt”dır. Çempionatın sonuncu dövrəsində sonuncu dəfə qarşılaşacaqlar. Görək Şahin Diniyev uğursuz seriyadan qurtulmaq üçün hansı addımlar atacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!