"Gücümüzə inanırdım və bilirdik ki, istəsək, bacaracağıq"

8 Mart 19:40 Səbail 512
"Gücümüzə inanırdım və bilirdik ki, istəsək, bacaracağıq"

“Səbail” Qəbələ səfərində eyniadlı komandanı məğlub etməyi bacardı.

Bölgə təmsilçisi ilk hissədə 2 qol vursa da, Lukas Afrikonun meydandan qovulmasından istifadə edən “dənizçilər” fasilədən sonra 3 qol vurub vacib qələbə qazandı.

“Dənizçilər”in yarımmüdafiəçisi Rafael Məhərrəmli Sportinfo.az-ın suallarını cavablandırıb.

- 0:2-dən sonra sonluğun bu cür olacağını təsəvvür edirdin?

- Elə yerdəyik ki, bunu qorumamaq qeyri-mümkündür. Fasilədə paltardəyişmə otağında futbolçularla söhbətdə söz verdik ki, nə olur-olsun oyunu xilas etməliyik. Gücümüzə inanırdım və bilirdik ki, istəsək, bacaracağıq.

- Qələbədə həlledici rolu nə oynadı?

- Sistem dəyişikliyinin. İkinci hissə başlayanda baş məşqçimiz əvəzetməyə əl atdı. Mərkəz müdafiəçilərindən birini çıxarıb, yerinə hücumameyilli oyunçu daxil etdi. Belədə, hücumlara daha çox çıxmaqla rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yaratdıq. Birinci qol bizə motivasiya verdi, ikinci qol komandanın qələbəyə olan inamını artırdı. Sona yaxın təzyiqi artırmaqla “Qəbələ”ni səhv etməyə məcbur etdik və lazım olan topu vurduq.

- Son oyunlarda çıxışında yüksəliş hiss olunmaqdadır. Bunun başlıca səbəbini kimdə, nədə görürsən?

- Komandama fayda verən futbolçu olmaq istəyirəm. Bunu bacarmaq üçün daha çox işləməliyəm. “Səbail” inamlı oynadıqca, mənim də motivasiyam artır. Belə olduğu təqdirdə özüməinamın daha da artır.

- “Səbail” bu qələbədən sonra ikinci pilləyə yüksəldi. Mövsümü gümüş medallarla bitirməyi nə dərəcədə real sayırsan?

- Belə davam etsək, yerimizi qoruyacağıq. Vacib olan sabitliyi qorumaq və hər oyuna qələbə əzmi ilə çıxmaqdır. Komandamızın gücünə inanıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"