"Bunu düşünməsəydim, Rəşad Sadıqovun milliyə rəhbərlik etməsini istəməzdim"

27 Fevral 2020 10:24 Sabah 1 047
"Bunu düşünməsəydim, Rəşad Sadıqovun milliyə rəhbərlik etməsini istəməzdim"

Sportinfo.az “Sabah”ın yeni transferi, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin müsahibəsini təqdim edir:

- “Sabah”a keçidində əsas rol oynayan amil nə idi?

- Klubun özü və rəhbərlik keçidimdə əsas rol oynadı.

- Müqavilən 6 aylıqdır. “Sabah” mövsümün sonunda Avropa Liqasına vəsiqə qazansa, qərarın necə olacaq?

- Mövsümün sonunda nə olacağını bilmirəm. Əsas məqsədim komandaya kömək etmək və Avropaya getməkdir.

- Moskva “Dinamo”sunda olarkən Azərbaycan çempionatıyla maraqlanırdınmı?

- Bəli, maraqlanırdım, ancaq oyunları izləmirdim. Sadəcə, nəticələrə baxırdım.

- Səncə, nə üçün futbol adamları sənin Azərbaycana gəlişini düzgün hesab etmirlər?

- Onlar Azərbaycana gəlişimi geriyə addım hesab edirlər, ancaq sonda necə olacağını görəcəyik.

- Artıq “Sabah”la ilk oyununa çıxdın. Meydana azarkeşlərin alqışları ilə daxil oldun. Atmosfer necə təsir bağışladı?

- Sadəcə, beş dəqiqə oynadım. Nəsə hiss etməyim üçün vaxtım çox olmadı. Ancaq azarkeşlər tərəfindən alqışlanmaq xoş oldu.

- Baş məşqçi Jelko Sopiçlə söhbətiniz olubmu?

- Xeyr, hələ danışmamışam.

- Növbəti turda keçmiş komandan olan “Qarabağ”la oynayacaqsız. Səncə, bu matçda xal qazanmaq şansınız nə qədərdir?

- Hər zaman bir şans olur. Diqqətli olub, səylə çalışmalıyıq. Bunu bacara bilərik.

- Sopiç “yaxşı çalışana şans verirəm” deyərək, “Sabah”da olan bir çox milli üzvünü ehtiyatda saxlayır. Hücumçu mövqeyində çıxış edən Marko Deviç, Xulio Sezarla rəqabət apara biləcəksənmi?

- Rəqabət hər zaman yaxşıdır. Məşqlərdə çox çalışıram və çalışmağa davam edəcəm.

- Yığmanın baş məşqçi postuna Rəşad Sadıqovun gəlməsini istədiyini demişdin. Səncə, Rəşad milli komandaya gəlsə, uğur qazana bilərmi?

- Bəli, düşünürəm ki, Rəşadın gəlişi uğurlu ola bilər. Bunu düşünməsəydim, onun milli komandaya rəhbərlik etməsini istəməzdim. Rəşadın milli komandayla uğur qazanmaq üçün yaxşı şansı var.

- Karyeranı hansı çempionatda davam etdirmək istərdin?

- Avropanın “böyük beşlik” çempionatlarında iştirak etmək istərdim.

Digər Xəbərlər
Xəbər Lenti