Birinci yerdə qalarlar, ya yox... Premyer Liqanın “Sabah”ı haqda bildiklərimiz

16:00 Sabah 127
Birinci yerdə qalarlar, ya yox... Premyer Liqanın “Sabah”ı haqda bildiklərimiz

Heç şübhəsiz, mövsümün ilk yarısının ən çox diqqət mərkəzinə düşən komandası “Sabah” oldu.

Mövsümün əvvəlində müəyyən xal itkiləri yaşayan “bayquşlar” sonradan toparlanaraq bunların sadəcə, təsadüfdən ibarət olduğunu sübut etdi.

“İmişli” ilə oyundakı məğlubiyyət tamamilə təsadüf idisə (“Sabah” həmin oyunda demək olar, 90 dəqiqə hücumda olmuşdu), “Sumqayıt” və “Araz-Naxçıvan”la oyunlara hakimlərin qəribə qərarları damğa vurmuşdu.

Bu oyunlardakı xal itkiləri olmasaydı, indi “Sabah” rəqibləri üçün daha uzaqda olacaqdı.

Komanda demək olar, bütün oyunlarında rəqiblərindən üstün təsir bağışlayıb. “Sabah” hətta “Qarabağ” kimi iddialı rəqibi ilə oyunda da qorxaq, ehtiyatlı oyun sərgiləməyib.

Çox az komanda olar ki, “Qarabağ” kimi rəqiblə matçda 1 xala ağız büzsün. “Sabah” isə “Qarabağ”la oyunda hesab 1:1 olduqda belə son dəqiqələrdə hücuma atılaraq 3 xalı gəzirdi. Sonda buna da nail oldular.

“Sabah”ın çempionatın ilk yarısındakı nəticələrini təhlil edərkən bir məqam ön plana çıxır. Avrokuboklardan sonra edilmiş keçidlər komandanın indiki nəticələrinin özülünü təşkil edir desək, yanılmarıq.

Velko Simiç, Timoteuş Puxaç və Aaron Maludanın icarəyə götürülməsi komandanın gücünə güc qatdı. Təsadüfi deyil ki, “Sabah” məhz bu oyunçular komandaya uyğunlaşmağa başladıqdan sonra öz oyununu tapdı. “Sabah” avrokuboklarda da pis oynamamışdı.

Baş məşqçi Valdas Dambrauskasın işinin müsbət işartıları hələ “Selye” ilə Avropa Liqası oyunlarında görünməyə başlamışdı. O, yeni tanımağa başladığı futbolçuları vacib oyuna heç də pis kökləməmişdi.

Zarafat deyil, rəqib Konfrans Liqasının son mövsümününün 1/4 finalçısı idi. Və həmin mövsümdə evdə yalnız İtaliya “Fiorentina”sına uduzmuşdular.

“Sabah” güclü rəqibi ilə başa-baş mübarizə aparmış, yalnız səfərdə, əlavə vaxtda buraxdığı qolla mübarizəni dayandırmışdı. Konfrans Liqasında ilk rəqib olan Moldova “Petrokub”u da son mövsümdə bu liqanın əsas mərhələsində oynamış komanda idi.

Bu matçda isə “bayquşlar” rəqibinə heç bir şans verməmişdi (2:0, 4:1). “Sabah”ın Avropadakı yolunu isə Bolqarıstanın köklü klublarından olan, hazırda da öz ölkəsinin çempionatına liderlik edən “Levski” oldu.

İnsafən, bu məğlubiyyətdə komandalar arasındakı güc nisbətindən çox, rəqibin sərgilədiyi qapalı oyun tərzinin böyük rol oynadığını deməliyik. “Sabah”ın adətən çətinlik çəkdiyi qapalı oyun üslubuna üstünlük verən bolqarlar hər iki oyunda “bayquşlar”dan üstün olmağı bacarmışdı (2:0, 1:0).

Avrokuboklardan sonra komandanın yeni nəfəsə ehtiyacı olduğu açıq görünürdü. Yuxarıda qeyd etdiyim kimi, Maluda, Simiç və Puxaçın keçidi bu baxımdan “nöqtə transferi” oldu.

Bu keçidlərdə “Sabah”ın klub rəhbərliyi, seleksiya xidməti ilə yanaşı baş məşqçi Dambrauskasın rolunu da qeyd etməmək mümkün deyil.

Hər halda hazırda komandanın “lokomotiv”i rolunu daşıyan Velko Simiç əvvəllər Kipr “Omoniya”sında məhz Dambrauskasın rəhbərliyi altında çıxış etmişdi və onun keçidində baş məşqçinin çox güman müəyyən rolu olub.

Ən azından, serbiyalı futbolçu yeni klubunda rəhbərliyi altında oynayacağı baş məşqçiyə tam bələd olduğunu bilirdi.

“Sabah”ın mövsümün ilk yarısında çıxışında baş məşqçinin rolunu qeyd etməmək mümkün deyil. Dambrauskas “Sabah”a gəldikdən sonra qısa müddətdə hamının görmək istədiyinə yaxın komanda formalaşdırmağa nail oldu.

2022/23 mövsümün sonra Azərbaycan futbol ictimaiyyəti “Sabah”ın timsalında mübariz bir kollektivin şahidi oldu. Komanda son turlara qədər “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmışdı.

Amma söhbət bu mübarizədə yox, Murad Musayevin komandasının bu mübarizədə sərgilədiyi gözəl futbolda idi. Nəticədən daha çox məhz bu futbol insanlarda “Sabah”a sevgi yaratmışdı. İndiki “Sabah” da o “Sabah”a çox bənzəməyə başlayıb.

Komandanın hazırkı nəticələrində heç şübhəsiz, klub rəhbərliyinin düzgün siyasətinin böyük rolu var. Düzgün siyasət olmayan yerdə, futbolçu və məşqçilərin əziyyəti yalnız təsadüfi xarakter daşıyar.

Məğlubiyyətlərdə, uğursuzluqda, qınandığı kimi müsbət nəticələrdə də rəhbərliyin rolu mütləq qeyd edilməlidir. “Sabah” bu gün ölkə çempionatında ən yaxşı şəraitə malik klublardandır.

Amma maliyyə baxımından birinci deyil, heç ikinci də deyil. Buna baxmayaraq klub (!) olaraq son illərdə görülən işləri dəyərləndirməmək olmaz.

Cəmi 8 yaşı olmasına baxmayaraq, “Sabah” ölkədə ən yaxşı futbol bazasına malik klublardandır. “Bayquşlar” AZAL-ın köhnə bazasını götürərək, bu bazanı sıfırdan, ən yüksək səviyyədə təmir etdi, Azərbaycan futboluna qazandırdı.

Ölkədə nə çoxdur, baxımsızlıqdan, yiyəsizlikdən çürüyüb tarixin yaddaşına köçən arenalar... Artıq “Sabah” Futbol Mərkəzi adlanan bazanın sintetik örtüklü meydançasını (Azərbaycan futbolunun əsas bəlalarından biri) təbii örtüklə əvəz edildi.

Örtükdən söz düşmüşkən, Premyer Liqada ciddi meydança problemi yaşandığı bir zamanda “Sabah” illərdi ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”nın meydançasını yüksək səviyyədə saxlayıb.

Təsadüfi deyil ki, klub yüksək liqada çıxış etdiyi müddətdə bircə dəfə də olsun ot örtüyünün vəziyyətinə görə ev oyunlarının məkanını dəyişməyib.

Klubun futbol akademiyası barədə isə xüsusi nə isə deməyə ehtiyac yoxdur. “Sabah” klub olaraq uşaq futboluna ən çox diqqət göstərən klubdur desək, yəqin ki yanılmarıq.

Bütün bunları qeyd etdikdən sonra, “Sabah”ın ilk sırada yer alması yəqin ki heç kimi təəccübləndirmədi. Bu “Sabah” mövsümün sonunda ilk sırada qalar ya qalmaz, bu ayrı söhbətin mövzusudur.

Amma görülən işlər qarşılığında mövsümün sonunda çempionluq olmasa belə, heç şübhəsin bu “Sabah” təkcə komanda olaraq yox, KLUB olaraq son illərin tapıntısıdır desək, yanılmarıq.

OSMAN

Digər Xəbərlər
Xəbər Lenti