
Vasili Berezutskinin dünən “Sabah”dan ayrılması günün hadisəsi oldu.
Klubdan verilən rəsmi açıqlamada müqaviləyə ailəvi səbəblərlə əlaqədar qarşılıqlı razılıq əsasında xitam verildiyi qeyd edilib.
Gerçəklik bir az başqa cürdür. 41 yaşlı mütəxəssis getmək fikrinə indi düşməyib.
O, hələ 2 ay qabaq Rusiyaya dönmək niyyətində olduğunu funksionerlərə eşitdirib. Buradakı işinin onu tam qane etmədiyini, fərqli mühitə öyrəşməyə çətinlik çəkdiyini bildirib.
Birbaşa çempionluq uğrunda mübarizə aparan, maliyyə imkanları daha geniş klubda çalışmağı arzuladığını, mövcud heyətdəki əksər futbolçuların səviyyəsinin qaneedici olmadığını söyləyib.
Həmçinin ölkəsindən bəzi real təkliflər aldığını, özünü yerli premyerliqada sınamaq istədiyini etiraf edib.
Vasili Berezutski "Sabah"a ötən ilin noyabrında təyin olunmuşdu. O, başa çatan mövsümdə kluba tarixində ilk titulunu - Azərbaycan kubokunu qazandırmışdı.
SPORTİNFO.AZ