
Azərbaycan kubokunu qazanan “Sabah” Avropa Liqasında hansı rəqiblə qarşılaşacağını gözlədiyi vaxtda klubda müəmma davam edir.
Baş məşqçi Vasili Berezutski ilə müqavilənin müddəti başa çatıb.
Rəhbərlik kluba ilk titulu qazandıran rusiyalı çalışdırıcı ilə sözləşməni yeniləməkdə maraqlıdır. Lakin Rusiya millisinin keçmiş kapitanı “hə” deməyə tələsmir.
Berezutskinin gözləmə mövqeyi tutmasının əsl səbəbi barədə redaksiyamıza məlumat daxil olub.
42 yaşlı mütəxəssis vətəninə qayıtmaq istəyir!
Başa çatan mövsümdə ÇSKA-ya (Moskva) ölkə kubokunu və bürünc medalları qazandıran Marko Nikoliçin klubdan ayrılması son dərəcə realdır.
Serbiyalı məşqçi başa çatan müqaviləni yeniləməkdə maraqlı deyil. Bunun səbəbi AEK-dən aldığı sərfəli təklifdir. Nikoliç həm maddi baxımdan qabağa düşmək, həm də avrokuboklarda iştirak edəcək komandanı çalışdırmaq üçün Yunanıstandan gələn təklifə isti yanaşır.
Hətta ruslarla əlaqəni birdəfəlik kəsmək üçün ÇSKA rəhbərliyinə yeni müqavilə üçün astronomik məbləğ deyib. “Hərbçilər” isə tələb olunan pula yaxın durmur.
Markonun Moskva təmsilçisindən ayrılması təqdirində ÇSKA-nın qapıları Berezutski qardaşlarının üzünə açılacaq.
İş burasındadır ki, Vasilinin qardaşı Aleksey Berezutski başa çatan mövsümdə Marko Nikoliçin köməkçisi kimi çalışıb. Yəni klubun və komandanın içində yaşananlardan xəbərdardır, rəhbərliyə bir köynək yaxındır.
Serbiyalı ilə müqavilə uzadılmasa, baş məşqçi postuna ən real namizəd Alekseydir. Belə olacağı təqdirdə isə Vasili qardaşının yanında olmağa, futbolçu kimi böyüdüyü və tanındığı ÇSKA-da çalışmağa üstünlük verəcək. Özü müsahibələrində bir neçə dəfə nə vaxtsa bu komandanı çalışdırmaq arzusunda olduğunu açıq şəkildə bəyan edib.
Azərbnaycanda titul qazanması, Qurban Qurbanov və Kurban Berdıyev kimi tanınmış həmkarları ilə duellərdən qalib ayrılması baş məşqçi reputasiyasını bir xeyli artırıb.
Odur ki, Berezutskinin, həm də “Sabah”ın taleyi Marko Nikoliçlə ÇSKA rəhbərliyindən asılıdır. Serbiyalı Moskvanı Afinaya dəyişsə, rəhbərlik də komandanı Berezutski qardaşlarına tapşırsa, “Sabah”ın başbilənləri çətin vəziyyətə düşəcək.
Digər rusiyalı mütəxəssis Murad Musayev də Azərbaycanda çalışıb, təcrübə toplayandan sonra ölkəmizdən ayrılmış, çox keçmədən “Krasnodar”ın başına keçmişdi.
HƏBİB / SPORTİNFO.AZ