
Ölkə kubokunun final qarşılaşmasından sonra ölkəmizi Avropa Liqasında təmsil edəcək komandanın adına aydınlıq gəldi.
Mayın 31-də “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edən “Sabah” ikinci dərəcəli klub turnirinə vəsiqə əldə etdi.
İndi əksəriyyəti maraqlandıran sual “tələbələr”in beynəlxalq arenalarda nə ilə fərqlənəcəyi, yaxud da komandanın qarşısına hansı hədəf qoyulmasıdır.
Final görüşündə “Qarabağ”ın qapısına qol vuran Pavol Şafranko Sportinfo.az-a açıqlamasında avrokubok görüşləri ilə bağlı bunları deyib:
“İyulda baş verəcək hadisələr barədə danışmaz üçün tezdir. Gizlətmirəm, bu dəqiqə yalnız istirahət etmək haqda düşünürəm.
Həm fiziki, həm də psixoloji baxımdan ağır keçən mövsümdən sonra çox yorğunam. Avropa Liqasına vəsiqə qazanmışıqsa, bacardığımızın ən yaxşısını edəcəyik.
Hazırlıq mərhələsini necə keçəcəyimizdən və hansı rəqiblə qarşılaşacağımızdan çox şey asılıdır. Vaxt keçsin, sualınıza hadisələrin axarına uyğun cavab verə bilərəm”.
Birinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq “Sabah”ın mümkün rəqibləri “Şaxtyor” (Donetsk, Ukrayna), “Legiya” (Polşa), “Partizan” (Serbiya), “Şerif” (Tiraspol, Moldova), ÇFR (Kluj, Rumıniya), “Hapoel” (Byer-Şeva, İsrail), “Çelye” (Sloveniya) və “Spartak”dır (Trnava, Slovakiya).
“Tələbələr”in rəqibinin adına iyunun 17-də keçiriləcək püşkatma mərasimində aydınlıq gələcək.
HƏBİB