
Məşqçi və futbolçu heyətinin istirahət etdiyi dönəmdə “Sabah”ın üzvü maraqlı addımla diqqət çəkib.
Cesse Sekidika yorğunluğunu üzərindən atmaq üçün BƏƏ-yə, İspaniyaya, yaxud Maldiv adalarına yox, xanımının vətəni Serbiyaya yola düşüb.
O, burada olduğu müddətdə Kruşevaç şəhərinə gedib “Napredak”ın bazasına baş çəkməyi özünə mənəvi borc bilib.
Cessinin ilk peşəkar klubu məhz “Napredak” olub.
“Benfika”nın əvəzedici komandasında oynadığı vaxtda əsas komandada forma şansı qazanmağın çətin olacağını anlayaraq, 2015-ci ildə bəxtini Serbiya liqasında sınamağa qərar verib və 3 il ərzində göstərdiyi oyunla adından söz etdirib.
2018-ci ildə “Napredak”ı “Eskişehirspor”a dəyişib, 2 il sonra “Qalatasaray”a keçib və 2023-cü ildən “Sabah”ın uğurları üçün tər tökməkdədir.
Sekidikanın etdiyi keçmişini unudan bir çox futbolçulara və insanlara dərs olmalıdır. Nigeriyalı futbolçu hazırda vaxt azlığından əziyyət çəkir.
“Sabah” Avropa Liqasında mübarizə aparacağından istirahət üçün vaxtı elə də çox deyil.
Buna baxmayaraq, iki daşın arasında imkan tapıb ona böyümək şansı yaradan klubu ziyarət edir və sosial şəbəkə hesabında bu sözləri yazır:
“Bu klub mənim ilk səyahətimin bir hissəsi idi. Üstündən 7 il keçib və bu ad hələ də mənim ürəyimdədir.
Növbəti mövsümdə “Napredak”a uğurlar arzulayıram”.
HƏBİB / SPORTİNFO.AZ