
“Sabah”ın ölkə kubokunu qazanmasında Vasili Berezutskinin əvəzetmələri böyük rol oynadı.
“Tələbələr” hesabda 1:2 geri olan anda meydana sonradan daxil olan Vinsent Tillin qapı qarşısına havalandırdığı topu oyuna sonradan qoşulan Kahim Parris dəqiq baş zərbəsi ilə qapıdan keçirib əlavə vaxtın oynanılmasına şərait yaratdı.
Qələbə topunun hazırlanmasında isə sürəti hesabına rəqibini keçib künc zərbəsi qazanan və kornerin davamında qol vurulmasına səbəbkar olan Coy-Lens Mikels iştirak etdi.
2023/24 “futbol ili”ndə komandanın ən faydalı futbolçularından olmuş Kahimin başa çatan mövsümdə kölgədə qalması və belə bir məqamda “Sabah”a fayda verməsi klub və komandada çalışanların ürəyinə yağ kimi yayıldı.
Bəlkə də buna görəydi ki, mükafatlandırma mərasimi ərəfəsində ən çox təbriklər ona yönəlmişdi. Hər kəs Parrisə dəstək verir, çətin mövsüm keçirən futbolçunu dəstəkləyirdi.
“Sabah”ın əsas simalarından biri, sabiq “Qalatasaray”lı “instagram” hesabında paylaşım edərək “11 nömrə”yə vurduğu bərabərlik qoluna görə xüsusi dəstək nümayiş etdirib:
“Bu oğlan bu qolu haqq edirdi. Düzdür, onun üçün çətin mövsüm oldu. Lakin o, bizə ən çox ehtiyacımız olan anda lazımınca kömək etməyi bacardı. Onun qarşısında şapkamı çıxarıram”.
Ötən ilin yayında “tələbələr”lə 2028-ci ilə qədər müqavilə bağlayan yamaykalı vinger başa çatan mövsümdə Premyer Liqada və Azərbaycan kubokunda 26 matçda meydana çıxmaqla 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB / SPORTİNFO.AZ