
“Sabah” ölkə kubokunun finalında “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etməklə həm avrokuboklara vəsiqə qazandı, həm də klubun tarixinin ilk titulunu əldə etdi.
Oyun başa çatandan sonra futbolçuların və onların ailə üzvlərinin sevincini görməyə dəyərdi.
Stadionda sevinmələri bir yana, əksəriyyət ürək sözlərini sosial şəbəkə hesabında qeyd edib.
Ən mənalı paylaşım Cesse Sekidikaya məxsusdur. Sabiq “Qalatarasay”lı qazanılan uğur barədə bunları yazıb:
“Mən bura gələndə, çoxları səhv addım atdığımı düşünürdü. Perspektiv görmürdülər, amma “Sabah” gördü. Bu klub mənə inandı, sərmayə qoydu və mənə yenidən “Cessi” olmaq şansı verdi.
Bizim üçün çətin mövsüm oldu. Komanda olaraq çətinliklərlə üzləşdik. Amma bu, karyeramın ən yaxşı mövsümlərindən biri kimi tarixə düşdü. Və bütün bunlara baxmayaraq, Allaha sadiq qaldıq.
Həyat yoldaşım Katarina - sən, səssizliyimdə, gecələr ağladığımızda, danışdığımızda və qarışıqlıq içində dua etdiyimiz hər yerdə mənimlə idin.
Mən zəifləyəndə, sən güclü oldun. Bura gəlməyinizlə bağlı qeyri-müəyyənlik anları ağır idi. Amma indi biz aydın görürük ki, Allahın həmişə bir planı var.
Övladlarım, siz mənim ən böyük sevincimsiniz. Rəhmətlik bacım Rebeka, xatirələrin mənə güc verir.
Dua etməkdən və mənə dəstək olmaqdan əl çəkməyən ailəm və yaxın dostlarım, bu kubok həm də sizindir.
Biz tarix yazdıq. Klub tarixində ilk kubok. Və bütün bunlara görə Allaha dua edirəm.
Bir zamanlar rədd edilmək kimi hiss edilən bir şey, sən demə,daha böyük məqsədlər üçün yönləndirmə imiş.
Bu mövsümü kubok və AVROPA LİQASI ilə başa vururuq!”
Cesse Sekidika cari mövsümdə daxili yarışlarda “tələbələr”in heyətində meydana çıxdığı 42 matçda 12 qol və 5 assistlə fərqlənib.
HƏBİB