“Bir-iki günə gedirik” deyən kimdir?

30 May 20:20 Sabah 353
“Bir-iki günə gedirik” deyən kimdir?

Başlıqdakı sitat dostuma məxsusdur.

“Sabah”ın qatı azarkeşi olan Eltun sevimli komandasının ölkə kubokunun finalına vəsiqə qazanmasından sonra az qala hər gün bu cümləni işlədir.

“Gedirik” deyəndə avrokuboklara vəsiqəni nəzərdə tutur.

İnanır və əmindir ki, “tələbələr” mayın 31-də “Qarabağ” səddini inamla aşıb, yayda ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Onu bu qədər əmin olmağa səsləyən məqam “Sabah”ın möhtəşəm heyətə sahib olması və Vasili Berezutskinin gəlişindən sonra azarkeşlik etdiyi komandanın çempionatda “Qarabağ”a məğlub olmamasıdır.

Eltun finalçı komandaya könül verən minlərlə azarkeşdən biridir. Yəni bu arzuda olan, mayın son günündə qələbə gözləyən o qədər adam var ki.

Bundan sonra əsas yük məşqçi və futbolçu heyətinin üzərinə düşəcək. “Sabah” hazırda şəraitinə, imkanına və gücünə görə Azərbaycanın öndə gedən klublarından biridir. Deməyim odur ki, “Qarabağ”ı məğlub etmək üçün kifayət qədər əsas var.

Bunun üçün nə tələb olunur? Meydanda can qoymaq, təcrübədən istifadə etmək və “Qarabağ”ın zəif cəhətlərindən istifadə etməklə azarkeşləri sevindirmək. Yaradılan şəraitin, xərclənən milyonların qarşılığını titulla vermək üçün ən uyğun zamandır.

“Bir-iki günə gedirik” deyib, avrokuboklara vəsiqəni arzulayan bilirsiz nə qədər azarkeş var?

Bu, həm də klub tarixinin ilk böyük uğuru - titulu ola bilər.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO