COP29

Tez-tez səsləndirilən suala geniş baxış - O, “Sabah”a uyğun məşqçidirmi?

1 Oktyabr 15:00 Sabah 736
Tez-tez səsləndirilən suala geniş baxış - O, “Sabah”a uyğun məşqçidirmi?

Son turun ən maraqla gözlənilən oyunu heç şübhəsiz “Qarabağ” – “Sabah” matçı idi.

Son illərin dəyişməz çempionu ilə Bakı klubu arasında oyunlar son bir neçə mövsümün bəzəyinə çevrilib.

Əsasən Murad Musayevin “Sabah”a təyinatında sonra başlayan bu rəqabətin əsas səbəbkarı rusiyalı mütəxəssisin iddialı komanda yaratmaq bacarığı ilə əlaqələndirilirdi.

Məhz buna görə, “Sabah”da məşqçi dəyişikliyi edildikdən – Musayevin yerinə xorvatiyalı Krunoslav Renduliç təyin olunduqdan sonra mətbuatda və sosial şəbəkələrdə hər oyunun, hətta epizodun müqayisəsi aparılmağa başladı.

Bəziləri Renduliçin “Sabah”a uyğun məşqçi olmadığını iddia edirdisə, bəziləri isə məhz xorvat mütəxəssisin “bayquşlar”ı hədəflərinə çatdıra biləcəyini israr edirdi.

Artıq Rendiliçin təyinatından 7 aya yaxın vaxt keçdiyindən, onun “Sabah”dakı işi ilə bağlı ümumi fikir bildirmək mümkündür.

Sərgilənən futbol
“Sabah” son bir neçə mövsümdür qazandığı nəticələrlə yanaşı, sərgilədiyi futbolla da yaxşı mənada diqqət mərkəzinə düşməyi bacarmışdı.

Bu baxımdan Renduliçin gəlişi ilə komandanın oyun planında, sistemində hər hansı dəyişikliyin olub-olmayacağı sual doğururdu. Xorvat mütəxəssis komandaya gəldiyi zaman “Sabah”ın çempionatdakı işləri heç də yaxşı getmirdi.

Klub kubokda mübarizəni dayandırmış, həmçinin çempionatda avrokubok zonasından bir qədər uzaq düşmüşdü. Hətta “Sabah”ı artıq avrokubok uğrunda mübarizədə siyahıdan silənlər də var idi.

Kruno “qara-çəhrayılar”ın sükanı arxasına keçərkən çempionatın yekununa cəmi 11 tur qalmışdı. Komandanı tam bir dövrə və əlavə 2 tur gözləyirdi.

Belə olan halda komandaya baxımlı oyundan daha çox nəticə lazım idi.

Xorvat mütəxəssis yeni ölkədə, yeni klubda, tanımadığı oyunçularla, heç bir təlim-məşq toplanışı keçmədiyi komanda ilə rəqibləri ilə xal fərqini aradan qaldırmalı, avrokuboklara vəsiqə verən yerlərdən birini tutmalı idi.

Komandanı tanımaq üçün cəmi bir neçə günü var idi. Renduliç gözlənilən kimi oyunların əksəriyyətində baxımlı futboldan daha çox nəticəyə köklənən oyun sərgilətdi ki, bu da başadüşülən idi.

Cari mövsümün startında, avrokuboklarda səfərdə güclü “Makkabi” ilə matçda sərgilənən möhtəşəm futbol və uyğun olaraq qazanılan böyük hesablı qələbə Renduliçin aktivinə yazılmalıdır.

Düzdür, istər “Makkabi” ilə cavab oyununda, istərsə də “Sent Patriks”lə oyunlarda komanda istənilən oyunu nümayiş etdirə bilmədi. Lakin çempionatda komandanın ifasında baxımlı oyunu görmək mümkün oldu.

Komanda cari mövsümdə keçirdiyi oyunların heç birində oyun baxımından rəqiblərindən geri qalmayıb. Hətta daimi çempion “Qarabağ” səfər oyununda da komanda meydanda rəqibindən demək olar heç bir komponentdə geri qalmırdı.

Komandanın hazırda çempionatın ən rəngarəng, maraqlı futbol sərgiləyən 2 klubundan biri olduğunu desək, yəqin ki yanılmarıq.

Nəticə
Tarixdə nəticə qalır – bu futbolun nə qədər şablon olsa da, dəyişməyən əsas şüarlarından biridir.

Doğrudan da, sənin komandan nə qədər gözəl futbol, rəngarəng futbol sərgiləsə, azarkeşlərin, futbol mütəxəssislərinin gözünü oxşasa da, nəticə yoxdursa, sən onların gözündə sadəcə məğlubsan.

Yuxarıda Renduliçin “Sabah”a yeni təyin olunduğu vaxtda sırf buna görə sadəcə nəticəni əsas götürdüyünü qeyd etmişdik. Bunu xorvatiyalı məşqçi özü də vaxtarışı mətbuat konfransında dilə gətirirdi.

İnsafən, bu Renduliçdə heç də pis alınmadı – 11 oyun, 8 qələbə, 3-cü yer. Xorvat mütəxəssis “Sabah”da ilk oyunundan sonra ona ünvanlanan “qarşınıza hansı hədəf qoyulub” sualına “mən özüm qarşıma 2-ci yeri hədəf qoymuşam” cavabını vermişdi.

Çox riskli cavab idi. Həmin vaxt komandanı nəinki ikinci yerdən, hətta ilk üçlükdən bir neçə xal ayırırdı. Rəqibləri də ki, bu mübarizədə bişmiş, hədəfə tam köklənmişdi,

“Sabah”ı da Renduliçin rəqiblərini tanımasının əksinə olaraq əllərinin içi kimi bilirdilər. Renduliç sonda çempionatı hədəflədiyi yerdən bir pillə geridə tamamlasa da, elə ikinci yerin xalını topladı.

Onun komandasını “Zirə”dən geridə sadəcə, bu komanda ilə şəxsi oyunlar geridə qoydu.

Çətin vəziyyətdə komandanı Konfrans Liqasına daşıyan Renduliçin qarşısına burada güclü İsrail “Makkabi”si çıxdı. Hayfa təmsilçisi cəmi 2 il öncə Çempiobnlar Liqasının qrup mərhələsində oynamış, burada “Yuventus” kimi klubu məğlub etməyi bacarmışdı.

Son mövsümdə isə Konfrans Liqasında 1/8 finala kimi irəliləmiş, burada yalnız liqanın gələcək finalçısı “Fiorentina”ya iki oyunun nəticəsinə əsasən məğlub olaraq mübarizəni dayandırmışdı (3:4, 1:1).

Püşkün “Sabah”ın bəxtinə və ya bəxstsizliyinə “Makkabi”ni çıxarmasından sonra demək olar heç kim “Sabah”a şans vermirdi. “Bayquşlar”dan gözlənilən sadəcə layiqli oyun, yaxşı mübarizə idi desək, yəqin ki yanılmarıq.

Komanda Macarıstanda keçirilən ilk oyun yerli futbol azarkeşlərini yaxşı mənada şoka saldı. “Sabah” gözlənilənin əksinə, çətin səfər matçında Hayfa klubunu darmadağın etdi – 3:0 (!).

Bəziləri bu qələbəni “Makkabi”nin ev oyunlarını neytral meydanda – Macarıstanda keçirməsi ilə əlaqələndirsə də, nəzərə alınmalıdır ki, İsrail təmsilçisi ötən mövsümdə - Konfrans Liqasının 1/8 finalına kimi irəlilədiyi 2023/24 mövsümündə də ev oyunlarını neytral meydanda – məhz Mcarıstanda keçirirdi. “Makkabi” ilə cavab oyununun çətin keçəcəyi bəlli idi.

İlk oyunda “Sabah”dan gözləmədiyi zərbəni alan hayfalıların Masazırda bunun əvəzini çıxmaq üçün hər şey edəcəyi, İsraildəki çoxminli azarkeşlərinin qarşısında bəraət qazanmaq üçün meydanın hər qarışı uğrunda mübarizə aparacağı gözlənilən idi.

Belə də oldu. Masazırda, “Bank Respublika Arena”da möhtəşəm futbol sərgiləyən “Makkabi” son illərdə avrokuboklardakı uğurlarının heç də təsadüf olmadığını göstərdi.

Əsas vaxtı 5:2 İsrail klubunun xeyrinə başa çatan oyunun əlavə vaxtında hərəyə daha bir dəfə fərqlənən komadnalar qalibin adına penaltilər seriyasında aydınlıq gətirdilər.

Həmin ana kimi heç bir Azərbaycan klubu Avropa arenasında penaltilərdə mərhələ adlamaq sevinci yaşamamışdı.

Bu matçın penaltilər seriyasında ölkə futbolu üçün bir ilk yaşandı və Renduliçin komandası penaltilər seriyasında daha soyuqqanlı oynayaraq qalib gəldi və növbəti mərhələyə vəsiqə qazandı.

Yüksək reytinqli “Makkabi”ni sıradan çıxaran “Sabah” növbəti mərhələdə daha aşağı reytinqli “Sent Patriks”lə qarşılaşdı.

Bütün azarkeşlər və futbol ictimaiyyəti Renduliçin komandasından nəinki İrlandiya klubunu keçməyi, hətta qrup mərhələsini gözlədiyi anda “Sabah” gözlənilmədən hər iki matçda məğlub olaraq (0:1, 0:1) mübarizəni dayandırdı.

İrlandların hər nə qədər aşağı reytinqə malik olsa da, bizə qarşı bir qədər tərs rəqib olması, həmçinin hər iki oyunda alınan qırmızı vərəqələr yekun nəticəni şərtləndirən amillərdən oldu.

“Patriks”in növbəti mərhələdə Türkiyənin “Başakşəhər” komandası ilə başabaş mübarizə aparması da irlandların heç də təqdim edildiyi qədər zəif rəqib olmadığını göstərdi. Amma istənilən halda, “Sent Patriks”in keçilməməsi Renduliçin passivinə yazılmalıdır.

Komanda ölkə çempionatının ilk 2 turunda cəmi 1 xal qazansa da, sonrakı oyunlarda ardıcıl qələbələr qazandı. Komanda yalnız hazırda formasının pikində olan Berdiyevin “Turan Tovuz”u ilə heç-heçə edib, son çempion “Qarabağ”a məğlub olub (2:3). Komanda hazırda 5-ci pillədə qərarlaşsa da, 2-ci pillədən 2, 1-ci pillədən isə cəmi 4 xal geri qalır.

Ötən mövsüm qarşıya qoyulmuş hədəfə çatılması, avrokubokun ilk mərhələsində özündən qat-qat adlı-sanlı və güclü rəqibin keçilməsi, həmçinin cari mövsümdə ilk üçlüyə əsas namizəd göstərilməsi Renduliçin “Sabah”da işlərinin nəticə baxımından da heç də pis getmədiyini göstərir.
Oyunçuların performansı

Renduliç “Sabah”da ilk mətbuat konfranslarından birində açıq şəkildə “kim bu komandada çalışmayacaqsa, bütün gücünü meydanda qoymayacaqsa, burada olmayacaq” şəklində açıqlama vermişdi.

Zaman onun oyunçuların formada qalmasına nə qədər ciddi yanaşdığını, bu baxımdan oyunçulara qarşı necə tələbkar olduğunu göstərdi. Təyin olunduğu zaman müddətində zəif təsir bağışlayan oyunçularla yollar ayrıldı.

Əvəzində ötən mövsümün əvvəlində bir qədər sönük təsir bağışlayan Cesse Sekidika, Kahim Parris və başqa oyunçuların performansında ciddi irəliləyiş olduğu göründü.

İqor Ponomaryovun müvəqqəti baş məşqçi olduğu dönəmdə əsas komandada debüt şansı verdiyi Xəyal Əliyev də Renduliçin etimadını qazanan oyunçulardan oldu.

Gənc futbolçu zəngin heyətə, təcrübəli futbolçulara malik “Sabah”da çox olmasa belə şans qazanmağa nail olur.

Komandanın cari mövsümdə yeganə problemi arxa xətlə bağlıdır ki, hazırda da ilk üçlükdən kənarda qalmalarının əsas səbəblərindən biri də məhz budur.

Mətbuatla ünsiyyət
İstənilən PRO kateqoriyalı məşqçinin əsas xüsusiyyətlərindən biri onun mətbuatla normal münasibət qura bilməsidir. Renduliçi bu baxımdan da yaxşı mənada fərqləndirmək olar.

Xorvat mütəxəssis mətbuat konfranslarında ona ünvanlanan sualları səbirlə, ətraflı şəkildə cavablandırı.

Media nümayəndələrinin qabartdığı problemlərə tam səmim cavab verir – problem varsa bunu etiraf edir, olmadığını düşünürsə bunu əsaslandırır.

Renduliçin daha bir xüsusiyyəti də uğursuzluq anında heç vaxt oyunçuları “oda atmaması”, daim məsuliyyəti öz üzərinə almasıdır.

Xorvat məşqçi ilə bağlı daha bir diqqət çəkən məqam isə onun mətbuat konfranslarında heç vaxt bir çox məşqçinin əsas “silahı” olan “mənə vaxt lazımdı” ifadəsini işlətməməsidir.

Yekun

Yuxarıda “Sabah”ın xorvat baş məşqçisi Renduliçə bir neçə prizmadan yanaşdıq. Burda keçirdiyi 7 aylıq müddətə əsasən, xorvat mütəxəssisin “Sabah”a uyğun məşqçi olduğunu deyə bilərikmi? Qərarı sizə həvalə edirik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik