Azərbaycan klubundakı gənc futbolçularla bağlı qalmaqalın ŞOK GERÇƏKLƏRİ

11 Sentyabr 20:00 Sabah 901
Azərbaycan klubundakı gənc futbolçularla bağlı qalmaqalın ŞOK GERÇƏKLƏRİ

“Sabah” iki yetirməsini əvəzedici heyətə göndərib.

Söhbət qapıçı Nicat Mehbalıyev və yarımmüdafiəçi Ceyhun Nuriyevdən gedir.

Adətən əsas komandadan “B” komandasına zədədən qayıdan, intizamsızlıq edən futbolçular göndərilir.

Bərpa olunması, tənbeh olunması üçün.

Maraqlıdır, ilin günün bu vaxtı klubu belə addım atmağa nə vadar edib?

Kiçik araşdırmadan sonra aydın oldu ki, adıçəkilən futbolçularla bağlı heç bir intizamsızlıq halı qeydə alınmayıb.

Sadəcə Nuruyevlə Mehbalıyev onlara təklif olunan yeni müqaviləyə qol çəkməkdə maraqlı olmadıqları üçün əvəzedici heyətə göndəriliblər.

Bu da səbəbsiz deyil.

Hər iki futbolçunun müqaviləsi mövsümün sonu başa çatacaq.

Yay fasiləsində yaxşı təkliflər alan futbolçuların gedişi müxtəlif səbəblərdən baş tutmayıb.

Yaxşı təklif dedikdə təkcə 2-3 dəfə artıq maaş verilməsindən yox, xüsusi ilə daha çox oynamaq imkanının yaradılmasından söhbət gedir.

Rəhbərliyin buna imkan verməməsindən narazı olan “Sabah”ın yetirmələri isə yeni müqaviləyə imza atmaqdan imtina ediblər.

Qışa kimi gözləməyə qərar verən gənclər, məhz onda yeni təklifləri gözdən keçirməyi düşünürlər.

Hətta əvəzedici heyətdə çıxış etmək bahasında olsa belə.

Hər iki oyunçunun üzərində Masazır klubunun böyük əməyi olub.

Yetişməsinə, üzə çıxmasına zamanında xərc çəkilib, əmək sərf olunub.

Və bu gün rəhbərlik bunun qarşılığında onlardan ya futbolçu kimi fayda görməyi, ya da keçidlərindən pul qazanmağı düşünməsi normaldı.

Düzdü, Nicat 23, Ceyhun 22 yaşındadır. Deməli, əsl oynamalı zamanlarıdı.

Ya oynatmalısan, ya da oynamalarına zəmin yaratmalısan.

Əvəzedici heyətə göndərmək geriyə addım, inkişafa mane olmaqdır.

Bundan qazanan tərəf olmayacaq.

Bir müddət sonra həmin futbolçular nəinki “Sabah”, heç digər klublarımıza da lazım olmaya bilər.

Belədə Azərbaycan futbolu isə dəqiq itirəcək.

Nicatın, Ceyhunun timsalında daha iki potensiallı futbolçunu.

"Sabah" həmişə gənclərə imkan yaradan klublardan olub.

Amma onu da nəzərə alaq ki, heyət genişdir, rəqabət böyükdür. Bütün gəncləri oynatmaq mümkünsüzdür.

Əbəs deyil ki, bu gün bir neçə üzvü digər klublarımızda icarədədir.

Konkret adıçəkilən iki futbolçudan danışırıqsa, klub bir neçə ay sonra müqavilə müddəti başa çatıb, başqa kluba yollanacaq oyunçulardansa, klubla daha uzun müddətli müqaviləsi olan gənclərə əsas komandada yer verməyi daha üstün tutur. Bu da məntiqli qərardı.

Bəs sərbəst buraxmaq?

Bu gün Nicatın, sabah Ceyhunun sərbəst buraxılmasına mən də iki əlli razıyam.

Bəs digər gün gələnlər necə olacaq?

Gündə bir gənc klubun qapısını döyüb, getmək sevgisini elan edəcək. Klub buraxmasa "digərlərinə olar, bizə yox" sualı ilə üz-üzə qalacaq.

Hər gələni buraxanda isə peşəkarlığı hərc-mərclik əvəz edəcək.

Axı Premyer Liqa Region Liqası deyil ki, kimə harda 5 manat artıq verdilərsə, əsas heyət sözü verdilərsə ora da qaçsın.

Ortada peşəkar müqavilə var.

Adıçəkilən futbolçularla yayda minimum 2-3 klub maraqlanırdı.

Amma heç biri təzminat ödəmək barədə düşünmür. Menecerlər minbir yolla futbolçunun müqaviləsinə xitam verilməsinə cəhdlər edir.

Klub icarəyə göndərilməyə isti baxır, amma hazırkı müqaviləni artırmaq şərti ilə. Futbolçular bunu da yaxın buraxmır. Onda icarəyə verilməyin bir mənası qalmır axı. Əla mövsüm keçirsən, üzərində əziyyəti keçən klub sezonun sonunda heç bir səlahiyyətə sahib olmur. Nə geri qaytarıb oynada, nə də sata bilir.

Hər gələnə transfer vərəqi veriləcəksə, kefi istəyən klubdan ayrılacaqsa, peşəkar müqavilələr nəyə lazımdır?

Yaxşı olar ki, klublarımız və menecerlər də bu məsəllərdə bir qədər centlimentlik yolunu seçsinlər.

Gənc futbolçunu yetişdirən kluba müəyyən təzminat ödənməsi futbolçunun dəyərin göstərir, sahib olduğu klubu bu sahədə daha motivasiyalı edir. Əməyin dəyərləndirilməsindən gözəl iş?

İndiki halda günahkar görsənən klub, əziyyət çəkən futbolçudur.

Amma yuxarıda sadalananlar göstərir ki, əsl günahkarlar pərdənin arxasındadır.

"Sabah" "Şamaxı"dan heyətinə qatdığı Rəhman Daşdəmirova görə 50 min manat xərcə düşməyə razılaşırsa, niyə digərləri də bu yolu tutmasın?

Maaşın 3 dəfə artırma, təzminat ödə.

Özünüz yetişdirməyin, başqası yetişdirəni də müftə əldə etməyə çalışın. Cənablar, belə məhəbbət olmur!

XANOĞLAN İMANOV

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu