Bakıda xoşagəlməz olayla üzləşən eks “Fənərbağça”lı şübhəli sözlər yazdı - FOTO

14 Sentyabr 2022 16:40 Sabah 1 883
Bakıda xoşagəlməz olayla üzləşən eks “Fənərbağça”lı şübhəli sözlər yazdı - FOTO

“Sabah” hesabat turunun mərkəzi qarşılaşmasında “Qarabağ”a məğlub oldu -3:4.

Hakimlərin son saniyələrdə yol verdiyi kobud səhv olmasaydı, “tələbələr” cari mövsümdə ilk dəfə məğlubiyyət acısını yaşamayacaqdı.

Oyunda ciddi səs-küy yaradan məqam təkcə yanlış aut qərarının yekununda qazanılan penalti və Ramil Şeydayevin 11 metrlik cərimə zərbəsindən vurduğu top deyildi.

Qonaqların müdafiəçisi Abdulaye Baya qısa müddətdə göstərilən iki sarı vərəqə və 31 yaşlı müdafiəçinin 43-cü dəqiqədə meydanda qovulmasını da ağır qərar kimi qiymətləndirmək olar.

İkinci hissədə meydanda baş verənləri kənardan izləyən, həftəsonu “Turan Tovuz”la qarşılaşmada iştirak etməkdən məhrum olan Ba “instagram” hesabında paylaşım edib.

O, komanda yoldaşları ilə fotosunu paylaşaraq altına bu sözləri yazıb:

“İndiyə qədər sənin ayaqqabını geyinməyən birinə ayaqqabının iplərinin necə bağlandığını demə”.

Abdulayenin sətiraltı sözlərinin konkret olaraq kimə hesablandığını müəyyən etmək çətindir. Amma mütləq ki, nəzərdə tutduğu adam(lar) var. Bunu isə özündən yaxşı bilən olmaz.

Vaxtilə Portuqaliyada “Portu”nun, Türkiyədə “Fənərbağça”nın, İspaniya La Liqasında “Rayo Valekano”nun formasını geyinmiş Abdulaye Ba Azərbaycana gəldiyi gündən adından söz etdirməkdədir.

O, cari mövsümdə “Sabah”ın bütün oyunlarına iştirak etməklə aktivinə 1 qol yazıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti