“Sabah”ı çalışdırdı, Quliyevə tərif yağdırdı, “5 faiz” dedi

30 Noyabr 2021 17:00 Sabah 1 053
“Sabah”ı çalışdırdı, Quliyevə tərif yağdırdı, “5 faiz” dedi

“Sabah”ın hazırkı durumuna sevinməyə bilmərəm.

Komanda son oyunlarda özünə gəlib və lazım olan nəticələri qazanır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın Premyer Liqada ilk baş məşqçisi olmuş Elşad Əhmədov “tələbələr”in bugünkü durumu haqda danışarkən deyib.

Cari mövsümə uğursuz başlayan Masazır təmsilçisi Ramin Quliyevi yola salandan sonra nəticələri xeyli yaxşılaşdı. Komanda Quliyevin dövründə 7 oyuna cəmi 1 xal əldə etmişdisə, son 5 görüşdə 13 xal qazanılıb.

Futbol ictimaiyyəti vəziyyətin kəskin dəyişməsində baş məşqçi amilini qabardır. Maraqlıdır, Elşad bəy kifayət qədər yaxşı tanıdığı kollektiv haqda nə düşünür?

Həqiqətənmi problem Ramin Quliyevdə və ya onunla çalışmaqda maraqlı olmayan futbolçularda idi?:

“Hər dəfə deyirəm, yenə təkrarlamaq istəyirəm. Klub rəhbərliyi “Sabah”da böyük işlər görür. Məqsəd komanda yox, klub yaratmaqdır.

Fikir verirsizsə, uşaq futboluna da xüsusi diqqət ayrılır. Qalır nəticə vermək.

Konkret sualınıza gəldikdə, Ramin Quliyevin komandanın üstündə əziyyəti çox olub.

Yaydakı hazırlıq dönəmindən tutmuş indiki heyətin formalaşmasına qədər – hamısı onun zəhmətinin nəticəsidir. Sadəcə, nəticə baxımından şanssızlıqla üzləşdi.

Halbuki, kifayət qədər bacarıqlı məşqçidir. Quliyevin gedişindən sonra oyun və heyət baxımından ciddi dəyişiklik olmadı.

İqor Ponomaryovla Murad Musayev əvvəldən görülən işin davamını gətirdilər.

Fərq ondadır ki, bu məşqçilərlə yaxşı nəticələr əldə etmək mümkün oldu. Bilmək olmaz, bəlkə Quliyev qalsaydı da, komanda bu cür davam edərdi”.

“Sabah”da işlər qaydasına düşsə də, hədəfə çatmaq üçün uğurun davamını gətirmək lazımdır. Qış fasiləsində qədər isə qarşıda “Qarabağ” və “Səbail”lə çempionat, “Kəpəz”lə kubok oyunları var".

Əhmədov sabiq komandasının hədəfə çatacağına inandığını bildirdi: “5 faiz də olsa, bizim də əziyyətimiz var orda. Qələbələri görəndə adam sevinir.

Ümumiyyətlə, Premyer Liqada müəyyən irəliləyiş hiss olunur. İnanıram ki, “Sabah” uğurlu nəticələrin davamını gətirəcək. Çünki kollektivdə səviyyəli futbolçular toplaşıb. Qalır qələbəni istəmək və əldə etmək”.

Elşad Əhmədov 2018-ci ilin yayından 2019-cu ilin sentyabrına qədər “Sabah”ın baş məşqçisi olub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!