”Barselona”lı: "Sabah”ı seçməklə düzgün qərar vermişəm”

28 Avqust 2021 23:00 Sabah 1 178
”Barselona”lı: "Sabah”ı seçməklə düzgün qərar vermişəm”

Sportinfo.az “Sabah”ın yeni transferi – ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosun müsahibəsini təqdim edir:

- “Sabah”a keçidin haqda fikirlərini bildirərdin. Nə oldu ki, Azərbaycana gəldin?

- Burda olduğuma görə xoşbəxtəm. “Sabah” gənc olsa da, məqsədləri olan iddialı klubdur. İnanıram ki, birlikdə yaxşı işlər görəcəyik.

- “Barselona”nın akademiyasında çıxış etmiş, İngiltərənin “Tottenhem” klubunda top qovmuş olsan da, son klubun Qətərin eyniadlı təmsilçisi olub. Karyeranda belə düşüşə səbəb nə olub?

- Bəli, mən “Barselona”nın yetirməsiyəm. 7 il bu klubun akademiyasında çıxış etmişəm. Orda çox xoşbəxt idim. Lakin daha sonra İngiltərənin “Tottenhem” klubunda oynamaq imkanım oldu və bu klubla uzunmüddətli müqavilə bağladım. Bu klubun üzvü olduğum zaman Portuqaliyanın “Aruka” klubuna icarəyə verildim. Bundan sonra İngiltərə Çempionşip təmsilçisi “Çarlton”, daha sonra Belçikanın “Sent-Trüden” klublarında çıxış etdim. Son iki mövsümü Qətərdə keçirmişəm. “Al-Vakra” klubunun ispaniyalı baş məşqçisi mənə orda oynamağı təklif etdi. Klubun böyük layihəsi olduğunu bildirdi. Orda təklif edilən məvacib də çox yüksək idi. Qətər futbola böyük diqqət göstərilən ölkədir. Gələn il dünya çempionatını qəbul edəcəklər. Bu ölkədə iki il keçirdim və orda olduğum müddət mənim üçün xoş idi. Müqavilə müddətim bitdikdən sonra ordan ayrıldım. Artıq “Sabah”dayam və ancaq yeni klubumun oyunlarına və uğuruna köklənmişəm.

- Daha əvvəl Azərbaycan futbolu haqda nəsə eşitmişdin?

- Bəli, mənim Azərbaycan Premyer Liqası barədə məlumatım var idi. Çünki 6 il əvvəl mənə “Qarabağ”dan təklif gəlmişdi, ancaq həmin vaxt mən artıq İngiltərə ikinci liqa təmsilçisi “Çarlton”la anlaşmışdım. Həmin vaxt Azərbaycan çempionatı və “Qarabağ”ın avrokuboklarda oyunlarıyla tanış olmuşdum. Düşünürəm ki, “Qarabağ” ölkənin ən böyük klublarından biridir. Ölkə çempionatı barədə az da olsa məlumatım var idi.

- Yeni klubun “Sabah” daha bir sabiq “Barselona”lı Xuan Kamaranı da heyətinə qatıb. Kamara ilə tanışlığın var idi?

- Bura gəlməmişdən öncə Xuanı tanımırdım. O məndən iki yaş kiçikdir. Xuan “Barsa”ya gələndə mən artıq “Tottenhem”ə yollanmışdım. Hazırda həm öz, həm də ailələrimiz arasında yaxşı münasibət var.

- Azərbaycan Premyer Liqasında ilk iki turu buraxmısan. Çempionat oyunlarını izləyə bilmisənmi?

- Bəli, komandamın əvvəlki oyunlarını izləmişəm. Ancaq təəssüf ki, bu oyunlarda komandaya kömək edə bilmədim. Məncə, komanda bu oyunlarda yaxşı çıxış etdi. Lakin bu, futboldur. Bəzən belə nəticələr də olur. Birlikdə çalışaraq, irəlidə yaxşı nəticələr qazana bilərik. İnanıram ki, qarşıdakı oyunlarda uğurlu nəticələr qazanarıq.

- “Sabah”dakı hədəfin nədir?

- Əsas hədəfim “Sabah”la uğurlu mövsüm keçirməkdir. Hazırda 28 yaşım var, futboldan həzz almaq istəyirəm. “Sabah” iddiaları olan yaxşı klubdur və düşünürəm ki, bu klubu seçməklə düzgün qərar vermişəm. İnanıram ki, birlikdə yaxşı işlər görəcəyik (komanda.az).

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!