
"Sabah" Azərbaycan Kubokunun final matçında "Qarabağ"la üz-üzə gələcək.
Sportinfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Bizi maraqlı oyun gözləyir. Kubokun final matçıdır. "Sabah" ilk dəfədir ki, finalda oynayır. Bu finalda heç-heçə olmayacaq, ya qalib gəlməlisən, ya da məğlub olmalısan. Gərgin, maraqlı oyun olacaq.
- Heyətdə hansısa problemlər var?
- Seymur Məmmədov zədəlidir. Qalan hər kəs düşərgədədir. Oyunun əhəmiyyətini bilirik. Bir aydır ki, bu matça hazırlaşırıq. Hər kəs qaydasındadır.
- Uğursuz nəticə olacağı təqdirdə, komandadan göndəriləcəyiniz iddia edilir. Hətta namizəd də bəllidir. Vacib oyunöncəsi bu xəbərlər sizə necə təsir edir?
- Bu, bizə heç bir təsir etmir. Hamımız kuboka köklənmişik. Bunları kubokun finalından sonra danışmaq olar. Düzü, mən mətbuatı oxumuram. Bu cür xəbərlər özümə təsir etmir.
- Kubokun finalında uğursuz olsaz, komandadan gedəcəksiz, yoxsa rəhbərliyin sizi göndərməsini gözləyəcəksiz?
- Bu barədə danışmaq üçün hələ tezdir. Təyin olunandan bir həftə sonra istefaya getməliydim. Gözləyək, sonra danışarıq bu barədə.
- Dəfələrlə futbolçu kimi Rusiya kubokunun finalında oynamısız. Final oyununun özəlliyini nədə görürsüz?
- Futbolçu və məşqçi kimi eyni hissləri keçirirəm. Öz gücünü meydanda verməlisən. Qələbə üçün əlindən gələni etməlisən.
- "Sabah"a gəldikdən sonra "Qarabağ"a uduzmamısız. Bunu final öncəsi psixoloji üstünlük hesab edirsiz?
- Bunu üstünlük və ya zəiflik hesab etmək olar. "Qarabağ" da motivasiyalı olacaq. Onlar üçün də önəmlidir. Şanslar 50/50-dir. "Qarabağ" favorit sayılır. Güllə dəyməmiş yıxılmaq lazım deyil.
- Leonid Slutski ilə birlikdə uzun müddət işləmisiz. O da təcrübəli və sizə yaxın biridir. Maraqlıdır, "Qarabağ"ı necə məğlub etmək barədə onunla heç söhbətiniz olub?
- Deyə bilərəm ki, yox. Amma ümumi anlar var ki, məşqçilər olaraq aramızda müzakirə edirik. Fərdi olaraq bir şey yoxdur ki, məhz bununla rəqibə qalib gələ bilərik.
- "Qarabağ"a qalib gəlib avrokuboklara vəsiqə qazansanız, hazırkı heyəti qoruyub-saxlayacaqsız?
- Oyuna iki gün qalıb. Oyunla yaşayırıq. Gələcəkdə necə olacaq, onu bilmirəm. Qalib də gələ bilərik, uduza da bilərik. Necə olacağını finalda görəcəyik.